Cəbrayılovun qardaşının saxlanılmasının təfərrüatları - YENİLƏNİB+FOTO
Keçmiş deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun saxlanılması ilə bağlı yeni məlumatlar əldə etmişik.
Qaynarinfo-ya daxil olan məlumata görə, Rafael Cəbrayılovla bağlı cinayət işində zərərçəkmiş kimi tanınan şəxslər Elşən Cəbrayılovun həbsini tələb etsələr də, keçmiş deputatın qardaşı tamamilə başqa şəxslərin şikayəti əsasında saxlanılıb. Yəni, Elşən Cəbrayılovun saxlanılmasının "Cəbrayılov işi” ilə əlaqəsi yoxdur. Baxmayaraq ki, bu işdə əsas fiqurantlardan biri də odur.
Hətta Rafael Cəbrayılov məhkəmə proseslərində zərərçəkmişlərin pulunu qardaşının mənimsədiyini demişdi. Bundan başqa, Rafael Cəbrayılovun xanımı Aida Cəbrayılova bir neçə dəfə Elşən Cəbrayılovla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib.
Rafael Cəbrayılov həbs ediləndə Elşən Cəbrayılov ölkədə olmayıb. O, Türkiyədə Bəydüzü adlanan ərazidə inşaat işləri ilə məşğul imiş.
İddialara görə, Elşən Cəbrayılov qardaşının da pullarını və əmlaklarını mənimsəyib. Bu baxımdan, Rafael Cəbrayılovun ailəsi də onun məsuliyyətə cəlb olunmasında maraqlı olub.
Elşən Cəbrayılovun saxlanılmasını Daxili İşlər Nazirliyi təsdiqləyib. O, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
"Cəbrayılov işi”ndə zərərçəkmiş kimi şəxslər Elşən Cəbrayılovun bu iş üzrə də mühakimə olunmasını istəyir. Zərərəçəkmişlərin sözlərinə görə, bununla bağlı növbəti proseslərdə vəsatət qaldıracaqlar. "Rafael Cəbrayılov özü deyirdi ki, bu oyunları bizim başımıza qardaşı açıb. Ona görə də Elşən Cəbrayılov bizim iş üzrə də mühakimə olunmalıdır. Bütün məsuliyyəti Elşənin Cəbrayılovun üstünə atırdı”, deyə zərərçəkmişlər bildirib.
Bu arada Qaynarifo Elşən Cəbrayılovun fotosunu əldə edib. Fotonu təqdim edirik.
***
Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov saxlanılıb.
O, aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Vətəndaşlar iddia edirlər ki, E.Cəbrayılov həmin şəxslərə qarşı dələduzluq edib. Hazırda araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti "Report"a faktı təsdiqləyib.
Xatırladaq ki, E.Cəbrayılov mərhum qardaşı R.Cəbrayılovun cinayət işi üzrə şahid qismində tanınır. O, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.
İttihama görə, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib. Onun cinayət işi üzrə məhkəmə iclası hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
R.Cəbrayıov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.