“Park Bulvar”a girişdə maska tələb edilməyib? - Rəsmi açıqlama
Ötən gün “Park Bulvar” ticarət mərkəzində yaşanan izdihamda vətəndaşların tibbi maskadan istifadə etməməsi ilə bağlı rəsmi açıqlama verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AFN.az-a verilən məlumatda deyilir ki, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq ticarət mərkəzinə daxil olan hər bir vətəndaşın vaksinasiyadan keçməsini təsdiq edən sertifikatın “QR” kodu və qoruyucu tibbi maskadan istifadə etməsi polis əməkdaşları tərəfindən mərkəzin girişində yoxlanıldıqdan sonra onların qapalı məkana daxil olmalarına icazə verilib: “Lakin ticarət mərkəzinə gələn şəxslər obyektə daxil olduqdan sonra tibbi maskalarını çıxarıblar. Məlumat üçün onu da qeyd edək ki, iri ticarət mərkəzlərinin daxilində insanların tibbi maskadan istifadə etmələrinə həmin obyektin əməkdaşları tərəfindən nəzarət olunur”.
Qeyd edək ki, ötən gün saat 15:30 radələrində bloqer Hüseyn Həsənovun Bakıya gəlişi və ticarət mərkəzindəki görüşü zamanı izdiham yaşanıb. Bu hadisə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Ticarət mərkəzlərinə girişdə vaksin pasportunun yoxlanıldığı bir vaxtda bu qədər insanın içəri yoxlanılmadan keçdiyi iddia edilib. Eyni zamanda görüntülərdə həmin vətəndaşların tibbi maskadan istifadə etmədiyi də görünüb.