Bakıda Qarabağ qazisini kim döyüb? - VİDEO
Qarabağ qazisi Ceyhun Məhərrəmov mayın 3-də axşam saatlarında yaşadığı evin girişində bir qrup şəxsin hücumuna məruz qaldığını iddia edib.
Bu barədə “Qafqazinfo”ya açıqlama verən C. Məhərrəmov hadisə ilə bağlı polisə şikayət etdiyini bildirib.
O qeyd edib ki, o, məhkəmədə verdiyi ifadəyə görə şiddətə məruz qalıb:
““Şaurma N1” restoranının şəriki Aqil Babayevin cinayət işi üzrə istintaqa verdiyim ifadəni geri götürməyimi tələb edirlər. Zaur Abdullayev və onun topladığı dəstə mayın 3-ü evimin girişində mənə qəfil hücum etdi. Onlar Aqil Babayevin adını “Şaurma N1 “ restoranının şəriki qismində göstərməməyi tələb edirlər. Hazırda aldığım xəsarətlərdən dolayı səhhətimdə ciddi problem yaranıb. Özüm müharibə qazisiyəm. Şahid qismində çıxış edərək Aqil Babayevin restoranın şəriki olduğunu təsdiqlədiyim üçün təhdidlərə məruz qalıram”.
Ceyhun Məhərrəmovu döydüyü bildirilən şəxslərdən Z.Abdullayevin qardaşı Faiq Abdullayev saytımıza açıqlamasında onların da qarşı tərəfdən polisə şikayət etdiyini deyib.
Onun sözlərinə görə, dava-dalaş axşam iftar süfrəsinə oturarkən baş verib: “İftar süfrəsində oturmuşduq, bu zaman Ceyhun gəlib söyüş söydü, nəticədə dava düşdü. O mənə xəsarətlər yetirib. Mən də ondan polisə şikayət etmişəm”.
Xatırladaq ki, “Şaurma N1” restoranının VÖEN və patent hüququ C. Məhərrəmova məxsusdur. Restoranlar şəbəkəsinin sahibləri arasında bir müddətdir ki, məhkəmə çəkişməsi davam edir.