Nəqliyyat Mübadiləsi Mərkəzində terminal məntəqələri "Simit Sarayı"na necə icarəyə verildi? - BNA cavabdan yayınır


"Koroğlu" metro stansiyasının yaxınlığındakı Nəqliyyat Mübadiləsi Mərkəzinin ödəmə terminalları əvvəl yerləşdiyi məntəqədən çölə çıxarılıb və yeri "Simit Sarayı"na kirayə verilib.


Bu haqda məlumat sosial şəbəkələrdə yayılıb. Hadisənin fotosu da ictimailəşdirilib. Mərkəzin tabe olduğu Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, aparatlar məntəqə daxilində həddən artıq qızdığı üçün müəyyən problemlər yaranıb. Bu səbəbdən də terminallar müvəqqəti olaraq məntəqədən çıxarılıb. Məsələ ilə bağlı BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevə müraciət etdik. M.Ağayev bildirdi ki, verilən cavab həqiqəti əks etdirir: "Biz tərəfdən verilən cavabda heç bir yalnışlıq yoxdur. Cavab düzgün verilib. Nəyəsə görə sosial şəbəkədə bu cavabı yayıb insanlarda yalnış rəy yaratmağa çalışırlar. Bəli, ödəmə terminallarının yeri qeyd olunan səbəbdən dəyişdirilib. Bu yerdəyişmə də sərnişinlərimiz üçün hər hansı bir çətinlik yaratmayıb. Çünki əvvəlki məntəqənin yaxınlığında daha rahat formada sərnişinlərimizin xidmətindədir terminallar. Əvvəlki ödəmə məntəqəsinin yerində isə iaşə obyekti olacaq. Burda hər hansı qeyri-adi bir məsələ yoxdur. Xarici şəhərlərin təcrübəsinə baxsaq, bu cür mərkəzlərdə belə iaşə obyektlərinin olduğunu görəcəksiniz. Qanunvericiliyin tələbləri qorunmaqla görülən işlərdir. Təəssüf ki, bəzi sosial şəbəkə istifadəçiləri məsələni fərqli formada təqdim edərək manipulyasiyalar edirlər".

M.Ağayev qeyd edib ki, aparatların yeri dəyişdirilən zaman oranın icarəyə verilməsi gündəmdə deyildi: "Boşaldılandan sonra daha faydalı istifadə olunması üçün belə qərara gəlinib. Sərnişinlərimizin ödəmə imkanları məhdudlaşmayıb, yenə də normal ödəniş edə bilirlər". Lakin mətbuat xidməti rəhbəri obyektin hansı prosedurla icarəyə verildiyinə aydınlıq gətirməyib. M.Ağayev "Obyekt hansı qaydalar əsasında icarəyə verildi? İcarədar necə müəyyənləşdi? Müsabiqə, onun nəticəsi rəsmən elan edildimi?" kimi suallara əvvəlcə cavab veriləcəyini desə də, sonradan müxtəlif bəhanələrlə cavabdan imtina etdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu