Əli Əliyev aclıq aksiyasını dayandırdı
Ötən gün Yasamal Rayon Məhkəməsində keçirilən prosesdən sonra Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev aclıq aksiyasına başladığını söyləmişdi.
AFN.az “Unikal”a istinadən xəbər verir ki, Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasının rəhbərliyinin profilaktik söhbətlərindən sonra Əli Əliyev başladığı aclıq aksiyasını dayandırıb.
Qeyd edək ki, Əli Əliyev aclıq aksiyasına başladığını dünən Yasamal Rayon Məhkəməsində elan etmişdi. Buna səbəb isə YAP-ın Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun ona qarşı Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə xüsusi ittiham qaydasında verdiyi şikayətdir.
Xatırladaq ki, o, 2021-ci il noyabrın 30-da qəzaya düşən DSX-yə məxsus “Mi-17” tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 6 ay müddətinə azadlıqdan məhrum olunub.