İlham Əliyev minifutbol yığmasını təbrik edib: "Siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız"
"Bu qələbəni siz özünüz qazanmısınız, əlbəttə ki, federasiya və idman mütəxəssisləri, məşqçilər və oyunçular, idmançılar, - komanda deyəndə mən bunu nəzərdə tuturam, - siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız".
Bunu iyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edən zaman deyib.
Dövlət başçısı vurğulayıb ki, istənilən idman növündə Avropa çempionatları çox gərgin keçir:
"Şadam ki, komandamızın tərkibi yerli idmançılardan ibarətdir - həm oyunçular, həm məşqçilər, mütəxəssislər. Bu, məni xüsusilə sevindirir. Onu da bilirəm ki, minifutbol üzrə bizim komandamız cəmi ikinci dəfə Avropa çempionatında iştirak edir və artıq çempion tituluna layiq görülüb. Mübarizə gərgin olub, istənilən idman növündə Avropa çempionatları çox gərgin keçir. Əlbəttə ki, Avropanın ən güclü komandaları orada təmsil olunur. Çempionat boyunca göstərdiyiniz həm peşəkarlıq, deyə bilərəm ki, həm də böyük fədakarlıq bu qələbəni mümkün edib. Siz xalqımızı sevindirmisiniz və təsadüfi deyil ki, Azərbaycan vətəndaşları sizi hava limanında böyük məhəbbətlə qarşılayıblar. Mən sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox böyük qələbədir, tarixi qələbədir. Hər dəfə beynəlxalq yarışlarda idmançılarımız qələbə qazananda əminəm ki, hər bir vətənpərvər insan qürur hissi keçirir, hər dəfə bayrağımız qaldırılanda hər birimiz sevinirik. Qələbələr xalqımıza yaraşır, həm döyüş meydanında, həm idman arenalarında. Əminəm ki, Azərbaycan idmançıları bundan sonra da beynəlxalq yarışlarda Vətənimizi ləyaqətlə təmsil edəcəklər.
Dövlət tərəfindən bütün şərait yaradılıb və idmanın inkişafı ilə bağlı heç bir maneə yoxdur, əksinə dövlət dəstəyi daim göstərilir. Ancaq minifutbol idman növünə gəldikdə, bizim üçün bu, nisbətən yeni idman növü olduğuna görə bu sahədəki nailiyyətləri siz özünüz qazanmısınız. Mən deyə bilmərəm ki, minifutbolçular üçün hansısa xüsusi şərait yaradılmışdır, yaxud da ki, xaricdən tanınmış mütəxəssislər, məşqçilər, legionerlər dəvət edilmişdir, yox, bunların heç biri olmayıb. Ona görə sizin qələbəniz çox böyük qiymətə layiqdir. Bu qələbəni siz özünüz qazanmısınız, əlbəttə ki, federasiya və idman mütəxəssisləri, məşqçilər və oyunçular, idmançılar, - komanda deyəndə mən bunu nəzərdə tuturam, - siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız", - Prezident vurğulayıb.
"Bilirəm ki, bir çoxlarınız ayrı-ayrı işlərlə məşğulsunuz, sözün əsl mənasında, həvəskar idmançılarsınız və əgər belə demək mümkündürsə, minifutbol sizin üçün bir hobbidir. Sizin qarşınızda Avropanın ən güclü komandaları vardı. Əminəm ki, o komandaların maliyyə təminatı, dəstəyi və digər üstünlükləri sizinkindən qat-qat artıq idi. Amma buna baxmayaraq, qələbə qazanmısınız, hamımızı sevindirmisiniz və öz adlarınızı Azərbaycanın idman tarixinə yazdırmısınız.
Mən sizi bir daha təbrik edirəm və yeni uğurlar arzulayıram. Əlbəttə ki, bu uğuru təkrarlamaq çox çətin olacaq. Amma əminəm ki, komandamızın perspektivləri də çox gözəldir. Əminəm, bu qələbədən sonra gənc nəsil - uşaqlar, yeniyetmələr bu idman növünü seçəcəklər ki, sizin kimi Avropa çempionu olsunlar.
Bir daha təbrik edirəm, sizə yeni qələbələr arzulayıram və təşəkkürümü bildirirəm ki, Azərbaycan xalqını bu gözəl qələbə ilə sevindirmisiniz", - dövlət başçısı əlavə edib.