Dövlət Gömrük Komitəsində İran nümayəndə heyətilə görüş keçirilib
Dövlət Gömrük Komitəsində İran İslam Respublikası Hüquq Mühafizə Qüvvələrinin Komandanlığının Narkotiklərlə Mübarizə Polisinin nümayəndələrilə görüş keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AFN.az-a verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov və İran İslam Respublikası Hüquq Mühafizə Qüvvələrinin Komandanlığının Narkotiklərlə Mübarizə Polisinin rəisi Məcid Kəriminin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov gömrük orqanlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində faəliyyətindən bəhs edib və bu istiqamətdə regional və beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Şərqdən Qərbə daşınan narkotik vasitələrin marşrutu üzərində yerləşir və qaçaqmalçılar ölkəmizdən əsasən tranzit məqsədilə istifadə edirlər.
Cavad Qasımov narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməkdaşların potensialının gücləndirilməsi, kinoloji xidmətin keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atıldığını, gömrük-sərhəd keçid məntəqələrinin ən müasit texniki nəzarət vasitələri, rentgen qurğuları ilə təchiz olunduğunu diqqətə çatdırıb. O da qeyd olunub ki, həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində son illər bu sahədə mühüm nailiyyətlər əldə olunub.
İran İslam Respublikası Hüquq Mühafizə Qüvvələrinin Komandanlığının Narkotiklərlə Mübarizə Polisinin rəisi Məcid Kərimi təmsil etdiyi qurumun fəaliyyətindən, ölkəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülən işlərdən danışıb. Məcid Kərimi bu sahədə səmrəli fəaliyyətin həyata keçirilməsi üçün birgə səylərin artırılması, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin önəmini vurğulayıb.
Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş başa çatdıqdan sonra isə nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzini ziyarət edib və qurumun fəaliyyəti ilə tanış olub.