BDU-da magistratura pilləsi üzrə vergi hüququ ixtisası yaradılır
Nazirlər Kabinetinin sərəncamı ilə 2022/2023-cü tədris ili üçün tələbə qəbulu təsdiq edilən ali təhsil müəssisələrinin ixtisasları siyahısına Bakı Dövlət Universitetində magistratura pilləsi üzrə vergi hüququ ixtisası əlavə olunub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, sərəncama əsasən, Azərbaycan və ingilis dili bölmələri üzrə (hər birində 5 tələbə olmaqla) 10 nəfərin bu ixtisasa qəbulu planlaşdırılır. Əsas məqsəd iqtisadiyyat və hüquq elm sahələrinin inteqrativ tədrisi əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, habelə onun Tədris Mərkəzinin kadr potensialı imkanları və BDU-nun maddi-texniki və elmi potensialından istifadə edilməklə dövlət vergi orqanları ilə yanaşı, ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər üçün vergi sahəsi üzrə ixtisaslı mütəxəssis hazırlığının həyata keçirilməsinə nail olmaqdır.
Bununla bağlı Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və BDU-nun Hüquq fakültəsi arasında vergi hüququ ixtisası üzrə tədrisin bilavasitə təşkili istiqamətində müvafiq işlərin görülməsi məsələləri müzakirə olunub. Eyni zamanda, müvafiq ixtisas üzrə tədris planı, tədris yükünün müəllim heyəti arasında bölgüsü, tədrisin təşkilində Dövlət Vergi Xidmətinin, habelə BDU-nun elmi-pedaqoji kadr potensialından səmərəli istifadə olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə proseslərin əlaqələndilməsi və təşkili məqsədilə Hüquq fakültəsində Vergi hüququ və iqtisadi ekspertiza mərkəzinin yaradılması və digər mühüm məsələlərə də toxunulub. Razılaşdırılan məsələlər üzrə müvafiq sənəd layihələrinin hazırlanaraq BDU-nun rəhbərliyinə təqdim olunması qərara alınıb.
Tədris Mərkəzi vergi orqanlarında kadr siyasəti üzrə təkliflərin işlənib hazırlanması sahəsində də səmərəli fəaliyyət göstərir. Mütəxəssislərin fikrincə, Tədris Mərkəzinin iştirakı ilə multidissiplinar elm sahəsi olan vergi hüququ üzrə mütəxəssislərin hazırlanması yalnız dövlət vergi orqanları deyil, eləcə də özəl sektor və bütövlükdə respublikanın müvafiq sahədə əmək bazarının ixtisaslı kadrlarla təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcək. Bu, Mərkəzin son illərdə əldə etdiyi mühüm uğurlardan biridir.