"Bakıya qələbə üçün gəlmişik" - Con van den Brom


"Burada olmaqdan məmnunam. Bakıdakı hava şəraiti xoşagələndir. Hamı günəşli havanı xoşlayır. Bunun bizə problem yaradacağını düşünmürəm. Çünki istənilən havada oynamağa öyrəşmişik. Ötən həftə Polşada da belə hava var idi".


Bunu Polşa "Lex"inin baş məşqçisi Con van den Brom Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

56 yaşlı mütəxəssis bildirib ki, "Rakov"a 0:2 hesabı ilə uduzduqları Polşa Super Kubokunun matçından sonra heyətlə bağlı müəyyən itkiləri var: "3 oyunçumuz sabahkı görüşdə meydana çıxmayacaq. Onları başqaları ilə əvəzləyəcəyik. İlk matçda çətinliklə də olsa, qalib gəldik. İnanıram ki, sabah da belə olacaq. Heyətdəki itkilərin bizə problem yaradacağını düşünmürəm".

Niderlandlı baş məşqçinin sözlərinə görə, cavab görüşündə heç-heçə də onlar üçün qənaətbəxş nəticə sayılacaq: "Amma mən heç vaxt komandamı meydana bərabərlik üçün çıxarmamışam. Bakıya qələbə qazanmaq üçün gəlmişik".

Van den Brom sabahkı qarşılaşmada da ehtiyatlı oynayacaqlarını söyləyib: "Qarabağ"ın heyətində güclü futbolçular var və onların hər birini təhlükəli hesab edirəm. İlk matçda onlara tam üstünlük verməməyə çalışdıq. Bu dəfə də belə olacaq".

O, Polşa klublarının "Qarabağ"a qarşı keçmişdəki oyunlarına görə məsuliyyət daşımadığını vurğulayıb: "Amma rəqib bizim komandalarımıza qarşı uğurlu seriyaya malikdirsə, sabah bunu qırmağa çalışacağıq. Çempionlar Liqasında oynamaq hər bir klubun arzusudur. Sabah bu istəyimizə bir addım da yaxınlaşa bilərik. "Qarabağ"la oyunun əhəmiyyəti ondan ibarətdir ki, mərhələni adlamaq bizim üçün yeni qapı açacaq".

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Poznandakı ilk oyunda "Qarabağ" rəqibinə minimal hesabla uduzub - 0:1.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu