Səfər Mehdiyevin qaynı həbs edilib?
Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən azad olunan Səfər Mehdiyevin qaynı, DGK-nın nəzdindəki “Azterminalkompleks” İstehsalat Birliyinin rəis müavini Zeynal Tarquluyevin həbs olunması xəbəri həqiqəti əks etdirmir.
AFN Bakupost.az-a istinadla xəbər verir ki, o, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə istintaqa cəlb edilib.
Dindirilib, izahatı alınıb, amma sərbəst buraxılıb. İstintaq müddətində onun əməlində cinayət aşkarlanarsa, həbs oluna bilər.
Qeyd edək ki, Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin pozulması ilə müşayiət olunan, vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair daxil olmuş məlumatlar əsasında 10 iyun 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Araşdırmalar nəticəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində işləyən Xəlilov Ehtiram Səyyaf oğlu, Komitənin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Babayev Rəşad Tofiq oğlu və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi vəzifəsində işləyən Səfərov Şükür İsbəndiyar oğlu, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Rəsulov Məsum Eynalı oğlu həbs olunub.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.