Dollar bahalaşır: Manatı hansı aqibət gözləyir?


"Dollar bahalaşsa belə Azərbaycan üçün təsiri olmayacaq. Çünki ölkədə valyuta inzibati qaydada tənzimlənir. Artıq 6-cı ildir ki, dolların məzənnəsi ölkə üçün 1.70 civarında götürülür".


Bu sözləri dollar, avro və rublun dünya bazarındakı məzənnəsi haqqında danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib. O aparıcı valyutaların payız aylarındakı durumu haqqında proqnozları diqqətə çatdırıb:

"Azərbaycanda digər valyutaların məzənnəsi dolların manata olan məzənnəsi üzərində hesablanır. Yəni dollar avroya qarşı güclənirsə, Azərbaycanda da avro zəifləməyə başlayır və manat qarşısında ucuzlaşır. İstənilən valyuta eyni qaydadadır. Dünyada baş verən proseslər, bazar iqtisadiyyatı Azərbaycana təsir etmir. Neftin qiyməti yüksək qaldıqca, digər məzənnələrin manata elə də təsiri olmayacaq. Əsas inzibati məzənnə manat və dollar üzərindədir".

Dünyada çox qəribə tendensiyanın hökm sürdüyünü söyləyən ekspertin sözlərinə görə, qiymət bahalaşması artır, inflyasiya sürətlənir deyə mərkəzi banklar faizi artırır:

"Bu, o deməkdir ki, valyutalar bahalaşır. O cümlədən dollar indeksi son zamanların tarixi maksimumuna çatıb. 108-109 punkta yaxınlaşan dollar indeksi son illərin ən yüksək göstəricisidir. Dollar yenə də güclü və digər valyutalara nisbətən dayanıqlı görünür. Avro isə dollara qarşı ucuzlaşır. Amma payız aylarında Avropa Mərkəzi Bankı ard-arda faiz artırsa, avro özünə gələ bilər.

Rubla gəldikdə isə, bizdəki kimi inzibati qaydada tənzimlənir, azad bazara əvvəlki qaydada satılsaydı, rubl daha ucuz olardı. Amma inzibati qaydada tənzimləndiyinə görə, rublun gələcək taleyi hökumətin verəcəyi qərarlardan asılı olacaq. İstənilən halda rublun taleyi yaxşı görünmür. Çünki inzibati tənzimləmə bir müddət sonra ləğv edilməlidir və bu, rublun kəskin ucuzlaşmasına gətirib çıxara bilər". (Modern.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu