Zəngəzur dəhlizi yolunun tikintisi sürətlə davam etdirilir
Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.
Avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəli olaraq beynəlxalq magistral normalara uyğun inşa edilir. Yolun ilk 77.5 km-lik hissəsinin 6, qalan 46.1 km-lik hissəsinin isə 4 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarına uyğun yol yatağının eni müvafiq olaraq 29.5 və 21.5 metr təşkil edir.
Layihə üzrə işlərin ümumi yerinə yetirilmə faizi 57%-dir. Yol boyu layihəyə uyğun ümumi uzunluğu 6 km təşkil edən və şərti olaraq T1, T2 və T3 adlandırılan 3 avtomobil tunelinin inşası aparılır. Tunellər üzrə işlərin yerinə yetirilməsi 37% təşkil edir.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilən tikinti işlərinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.