PFL-in vitse-prezidenti: "Bu posta təyinatım sürətli baş tutdu"
"Elxan Səmədov Peşəkar Futbol Liqasının prezidenti seçiləndən sonra vitse-prezident postu yaratmaq istədiyini və bu vəzifəni mənə həvalə etmək niyyətində olduğunu bildirdi. Mən də razılıq verdim. Bu posta təyinatım çox sürətli baş tutdu".
AFN.az xəbər verir ki, bunu "Report"a açıqlamasında PFL-in vitse-prezidenti təyin olunan Aslan Şahgəldiyev deyib.
Təcrübəli funksioner daha əvvəl PFL-də bu vəzifənin olmadığını xatırladıb: "Elxan Səmədov PFL-in prezidenti seçiləndə sizin saytınıza açıqlamasında kadr təyinatları olacağını bildirmişdi".
Şahgəldiyev səlahiyyətlərinin nədən ibarət olacağına aydınlıq gətirib: "PFL-də kadr və struktur məsələləri davam edəcək. Bəzi məsələlər tam dəqiq bəlli deyil. Elə şeylər var ki, onların PFL-ə həvalə olunub-olunmayacağı hələlik bilinmir. Tam aydınlaşandan sonra hər kəsin vəzifə təlimatı bəlli olacaq və ona uyğun olaraq işlərimizi davam etdirəcəyik. İndiki halda vitse-prezident kimi əməkdaşlarla rəhbər arasında körpü rolunu oynayacağıq. Bəzi məsələlərdə vitse-prezident kimi qərarı özüm verəcəyəm. Təbii ki, bunlar müzakirə olunacaq, rəhbərdən soruşulacaq".
PFL rəsmisi "qurumda Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olacaqmı" sualını bu cür cavablandırıb: "Kadr və struktur məsələlərində dəyişiklik olacaq. Bununla bağlı hələlik danışmaq tezdir. Müəyyən zaman keçdikdən sonra müzakirə edəcəyik və bu barədə ictimaiyyətə məlumat verəcəyik".
Şahgəldiyev PFL-in sabiq prezidenti Ramin Musayevin onu təyinatı ilə bağlı təbrik etdiyini və uğurlar arzuladığını söyləyib: "Mənə inandığını və bu posta layiq olduğumu söylədi".