Qızmar günəşin fəsadları


Professor Fərid Mahmudov: “Günəş şüalarının xallara nüfuz etməsi çox ziyanlıdır”


Havaların kəskin isti keçməsi ilə bağlı dünyada və ölkəmizdə mütəmadi məlumatlar verilir, əhalinin bu cür hava şəraitində ehtiyatlı olmasına dair xəbərdarlıqlar edilir. Yay mövsümündə günvurma hallarına tez-tez rast gəlinir. Günəş şüaları altında fasiləsız fiziki işlə məşğul olmaq, bəzən çimərlikdə saatlarla vaxt keçirmək insanları günvurma təhlükəsi ilə üz-üzə qoyur. Bəs bu cür hallarla qarşılaşmamaq üçün nələrə diqqət yetirməli və hansı profilaktik tədbirlər görməliyik?

Mövzunun aktuallığını nəzərə alıb Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, ATU-nun Dermatovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudova müraciət etdik.

Professor deyir ki, açıq havada işləyənlər və qızmar Günəş altında istirahət edənlər günvurma təhlükəsini mütləq nəzərə almalıdırlar: “İsti havalarda insanları günvurmanın hansı hallarda baş verməsi və bundan qorunmaq üçün hansı tədbirlər görülməsinin lazım olduğu daha çox maraqlandırır. Xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olanların isti havalarda xəstələnib yatağa düşməməsi üçün bir sıra tədbirlərin görülməsi vacibdir. Lakin istidən qorunmaq tədbirləri tamamilə sağlam insalara da aiddir. Ümumuyyətlə, Günəşə qarşı həssas olan insanlar günün qızmar vaxtlarinda bayıra çıxmamalı, çıxarkən baş örtüklərindən, eynəklərdən, o cümlədən dərini qoruyan bir sıra kremlərdən (spf tərkibli) istifadə etməlidirlər. Fotodermatozun müalicəsində topik steroidlər, antihistamin preparatlardan istifadə etmək lazımdır”.

Həkim bildirir ki, bəzən açıq havada uzun müddət qaldıqdan sonra dəridə xoşagəlməz ləkələr yaranır: “Bu xəstəliyə səbəb dərimizdə mövcud olan saprofit, yəni dərinin normal florası sayılan Pityrosporum ovale adlı zərərsız maya göbələyidir. Onun sağlamlığa mənfi təsiri olmasa da, dəridə kosmetik deffekt sayılır. Ləkələr açıq çəhrayı, tünd və açıq qəhvəyi, bəzən də ağ rəngdə olur. Məhz ona görə də bu xəstəliyin adı rəngbərəng dəmrovdur. Göbələyin dəridə yayılma səbəbi isti və nəmli havada çox tərləmək, dərinin yağlı olması, zəifləmiş immun sistemi, hormonal dəyişikliklər və sairdir. Rəngbərəng dəmrov daha sox yeniyetmə və gənc yaşlarda olur. Çünki məhz bu yaşlarda dəridə yağlanma başlayır və bu xəstəlik ən çox seboreik nahiyələrdə (sinə, kürək, qolların üst hissəsi, boyun və baş) görünür. Həmin ləkələrin üzərində bəzən incə pulcuqlar da görünə bilər. Bu zaman heç bir subyektiv şikayət vermir, lakin başa yayılanda şiddətli qaşıntı ilə müşayiət olunması mümkündür. Bu xəstəliyə diaqnoz müayinə zamanı qoyulur. Ona görə də bunun üçün heç bir analiz lazım deyil. Dərinin rəngindən asılı olaraq səpkilərin tonları dəyişir ki, bunun üçün “vud lampası” ilə müayinə etmək lazım ola bilər”.

Günəş şüaları nəticəsində üzdə yaranan ləkələr və onların qarşısını almağın yollarından da danışan mütəxəssis qeyd edir ki, buna tibdə melasma deyilir: “Bu, bədənin Günəş görən hissələrində sonradan ortaya çıxan, qəhvəyi rəngdə ləkələr şəklində özünü göstərən bir dəri xəstəliyidir. Bu ləkələrə bəzən xloasma da deyilir. Adətən üzün hər iki tərəfi zədələnir. Ən çox yanaqlar, burun, alın və dodaq üstündə görünür. Bu xəstəlikdən qorunmaq üçün Günəş işığına çıxmazdan öncə spf tərkibli qoruyucu kremlərdın istifadə etmək lazımdır. Payız aylarında isə həmin tünd ləkələr nisbətən solur”.
Yay aylarında insanların daha çox tərləməsinə də diqqət çəkən həkim öz məsləhətlərini səsləndirdi: “Həddən artıq tərləmənin ən müasir və təsirli müalicə növlərindən biri botulinoterapiya ilə müalicədir. Botoks tərkibində botulinum deyilən bir toksin olan dərman vasitəsidir. Kosmetologiyada üzdəki qırışların açılması üçün botoks inyeksiyalarından geniş istifadə olunur. Eyni zamanda, botoks qoltuqaltı bölgədə həddindən artıq tərləməyə qarşı da istifadə edilir. Botoks vurulandan dərhal sonra çox tərləmə problemi aradan qalxır. Dərmanın təsiri 4-6 ay davam edir. Adətən ildə bir dəfə, havalar istiləşəndə bu proseduru təkrar etmək lazımdır”.

Onun sözlərinə görə, dəriyə birbaşa nüfuz edən Günəş şüaları sonradan hətta bədxassəli şişlərə də səbəb ola bilər: “Günəş şüalarının dəriyə birbaşa təsiri müxtəlif Günəş yanmalarına gətirib çıxarır. Birbaşa nüfuz edən Günəş şüaları müxtəlif qıcıqlanmalara səbəb ola və hətta bədxassəli şişin yaranması ilə nəticələnə bilər. Əgər başda, üzdə xallar varsa, Günəş şüalarının ona nüfuz etməsi çox ziyandır. Ona görə də bədənin açıq olan hissələrinə mütləq kremlər sürtülməlidir”.

İsti aylarda gigiyena qaydalarına da riayət olunmasının vacibliyini vurğulayan professor F.Mahmudov qeyd edir ki, bu, sağlamlıq və infeksiyalarla mübarizə baxımından önəmlidir: “Dəri nə qədər nəfəs ala bilirsə, orqanizmə o qədər faydalıdır”.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu