İntim videosu yayılan polkovnikin rütbəsi geri alındı - SAXLANILDI
İntim görüntüləri yayılan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev bir neçə gün əvvəl vəzifəsindən azad olunub.
Qaynarinfo-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Nazirin digər əmri ilə dövlət qurumunda etik davranış qaydalarını və prinsiplərini kobud şəkildə pozduğu üçün Zaur Mirzəyevə verilən polkovnik rütbəsi geri alınıb, onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına təqdimat verilib.
Artıq Zaur Mirzəyevin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı deyilir.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, baş verən hadisə ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilir. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
Baş Prokurorluq bir daha sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsinə, insanların şərəf və ləyaqətini alçaldan ifadələrə yol verməməyə çağırır.