BDU Avropa Universitetlər Assosiasiyasında təmsil olunacaq
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Avropa Universitetlər Assosiasiyasının (EUA) nəzdində fəaliyyət göstərən Tədqiqat və İnnovasiya Strategiyası Qrupuna (RISG) üzv qəbul edilib.
RISG-də Avropanın Sarbonna Universiteti (Fransa), Leuven Katolik Universiteti (Belçika), Tilburg Universiteti (Niderland), Oslo Universiteti (Norveç), Lodz Universiteti (Polşa) və digər ali təhsil müəssisələrinin rəhbərləri, o cümlədən İsveçrənin Ali Təhsil İnstitutları Assosiasiyasının sədri üzv kimi fəaliyyət göstərirlər. BDU Azərbaycandan RİSG-də təmsil olunan yeganə qurumdur.
EUA-nın nəzdində fəaliyyət göstərən RISG Assosiasiyanın Avropa universitetlərinə dair tədqiqat və innovasiya strategiyasını hazırlamaq üçün geniş səlahiyyətlərə malikdir.
Qrupun tədqiqat və innovasiya sahəsində təcrübə və səriştəyə malik universitet rəhbərlərindən ibarət üzvləri strateji siyasəti nəzərdən keçirməklə, habelə tədqiqat və innovasiya sahəsində Avropa siyasəti üzrə EUA-nın mövqeyini, bəyanatlarını və tövsiyələrini hazırlamaqla EUA Şurasına məsləhət və dəstək verirlər. Sözügedən Qrup EUA-nın uzunmüddətli strateji qrupu kimi yaradılır və onun fəaliyyəti iki ildən bir Şura tərəfindən nəzərdən keçirilir.
Qeyd edək ki, BDU cari ilin fevral ayında 17 milyon tələbənin təhsil aldığı, 47 ölkənin 800-dən çox universitetinin birləşdiyi Avropa Universitetləri Assosiasiyasının tam hüquqlu üzvü qəbul edilib və Avropanın qabaqcıl universitetlərini birləşdirən platformaya qoşulub.