Vətən müharibəsi şəhidi haqqında film çəkiləcək – “Cəsur ürək”


“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə Vətən müharibəsi şəhidi Vüsal Məmmədov haqqında sənədli film çəkiləcək.


“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyindən AFN.az-a verilən məlumata görə, yaxın günlərdə filmin çəkilişinə başlanılacaq.

Bildirilib ki, “Cəsur ürək” adlı filmin çəkilişlərinin oktyabrın ortalarına qədər tamamlanması planlaşdırılır. İctimai Birlik tərəfindən filmin təntənələi təqdimat mərasimi də keçiriləcək.

Məlumat üçün bildirək ki, 2020-ci il oktyabrın 1-də hərbi xidmətin başa vurmalı olan Məmmədov Vüsal Aftandil oğlu Vətən müharibəsinin başlaması ilə savaşa qatılıb. Suqovuşan uğrunda gedən döyüşlərdə yaralansa da, müalicə almaqdan imtina edərək döyüşə atılan Vüsal Məmmədov oktyabrın 12-də Füzuli uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Vüsal Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, “Cəsur ürək” “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən çəkilən sayca dördüncü sənədli film olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu