Ceyhun Məmmədov: "Sahibkarların hüquqi müdafiəsində vəkillərə tələbat artıb"
"Son illərdə sahibkarların fəaliyyəti ilə əlaqədar investisiya mühitinin qorunması, sahibkarlıq subyektlərinin inkişafı, onların mülki dövriyyədə iştirakında azadlığının təmin edilməsi və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi Azərbaycanda aparılan ardıcıl islahatların prioritet məqsədlərindəndir. Dəfələrlə bütün səviyyələrdə vurğulanıb ki, sahibkarlar nə qədər çox inkişaf etsə, onların fəaliyyəti nə qədər genişlənsə, dövlət büdcəsinə daxilomalar o qədər çox olar, ümumi inkişaf və yerli istehsal bütün daxili tələbatları ödəyər. Bu həm də dövlətimiz üçün bir strateji hədəfdir".
Bunu vəkil Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, sahibkarlıq subyektləri tərəfindən vəkillərə edilən müraciətlərdə ciddi artım var və bu istiqamətdə işgüzar mühit formalaşıb.
"Hesab edirəm ki, bu müəyyən faktorlardan asılıdır. Birinci səbəb son dövrlərdə vəkillik institutunda ümumilikdə aparılan səmərəli islahatlar, vəkillərin peşəkar fəaliyyətinin məqsədlərinin düzgün təbliği nəticəsində bu peşə sahiblərinə inamın artmasıdır. Digər faktor isə ölkə rəhbərliyi tərəfindən bu sahədə qarşıya qoyulan prinsip və məqsədlərə yerli səviyyədə bir sıra strukturlar və ya yerli məmurlar tərəfindən əməl olunmaması, sahibkarlara yaradılan keçici əngəllərdir ki, məhz bu durum işlərinə qarşı süni maneələrə haqlı dözümsüzlük nümayiş etdirən sahibkarların hüquqi baxımdan müdafiə olunmaları, işlərinin aparılması üçün vəkillərə daha tez-tez müraciətlər etmələrinə səbəb olur. Gərək sahibkarlara və sahibkarlığa maneə yaradan hər bir şəxs bunun ölkəmizə, gələcəyimizə, dövlətin məqsədlərinə nə qədər zərərli olduğunu bilsin və lazım gəlsə qarşısında hüquq müdafiəçilərini görəcəyini anlasın. Sahibkarların hüquqi müdafiəsi sahəsində hüquq müdafiəçilərinin göstərdikləri prinsipiallıq, mövcud qanunvericilik bazasının düzgün tətbiq edilməsindən ötrü vəkillər tərəfindən öz fəaliyyətlərində tətbiq etdikləri üsul və vasitələr, onların peşə faəliyyətinin keyfiyyətli həyata keçirilməsi zamanı göstərdiyi səylər cəmiyyətin qanuna hörmət ruhunda tərbiyələnməsinə, bu sahədə dövlətin tətbiq etdiyi islahatları sağlam şəkildə qarşılamasına və dövlətin həyata keçirdiyi hüquqi və iqtisadi siyasəti və islahatları dəstəkləməsinə səbəb olur. Bunun da məntiqi nəticəsi Azərbaycanda sahibkarlığın inkişafı, sahibkarların keyfiyyətli fəaliyyət göstərə bilməsindən ötrü münbit şəraitin yaradılması, bu fəaliyyət sahəsi ilə əlaqəli olan insanların həyat şəraitinin yaxşılaşdırılması, məmnunluğu və ümumi inkişafdır", - deyə vəkil qeyd edib.