Bu mərkəzdən şəhid ailələri və qazilərə zəng ediləcək

Quba rayon Mərkəzi Xəstəxanasında şəhid ailələrinə və qazilərə xidmət məqsədilə koordinasiya mərkəzi yaradılıb.
Bu barədə xəstəxanaya mediaturda iştirak edən jurnalistlərə qurumun direktoru Əliyar Sərvərov məlumat verib. O bildirib ki, mərkəzdə 3 nəfər koordinator çalışır: "Xüsusi qeydiyyat şöbəsi yaradılıb, şəhid ailələri və qazilər gələndə növbəsiz qəbul edilirlər. Koordinasiya mərkəzində fəaliyyət göstərən əməkdaşlar onları dinləyir, hansı şöbəyə yaxınlaşacaqlarını bildirir, lazım gələndə özləri müşayiət edərək xəstəxana ərazisində bütün prosesləri növbəsiz reallaşdırmaq üçün yardımçı olurlar. Bundan əlavə, mən tapşırıq vermişəm, rayon ərazisində yaşayan şəhid ailələri və qazilərin koordinatları yığılıb, əməkdaşlarımız ayda azı 1 dəfə onlarla əlaqə saxlayacaq və sağlıq durumları ilə maraqlanacaqlar".
Koordinasiya mərkəzinə yaxınlaşan qazilər və şəhid ailəsi üzvlərinin lazım gəlsə xəstəxanada yerləşdirilməsi də yüksək səviyyədə təmin edilir. Koordinasiya mərkəzində xidmət alan şəhid Salahov Fizulinin anası Sevda Salahova jurnalistlərə açıqlamasında bildirib ki, yüksək səviyyəli xidmət və diqqətlə qarşılaşıb: "Gəldim bura, çox yaxşı qarşıladılar, qulluğumda durdular, sağ olsunlar. Bizə bir xoş üz, xoş söz böyük təsəllidir. Oğullarımız onsuz da torpaq olublar".
Qeyd edək ki, bu cür mərkəzlər bütün mərkəzi rayon xəstəxanalarında yaradılıb.