Gömrük nəzarəti və ödənişləri tələb olunan bağlamaların rəsmiləşdirilməsi prosesi sadələşdirilib
Dövlət Gömrük Komitəsi tərəfindən tətbiq edilən yenilik hesabına poçt göndərişləri vasitəsilə xaricdən gətirilərkən gömrük nəzarəti və ödənişləri tələb olunan bağlamaların rəsmiləşdirilməsi prosesi sadələşdirildi.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AFN.az-a verilən məlumata görə, bu məqsədlə Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisindəki Bakı Karqo Terminalının inzibati binasında xüsusi mərkəz yaradılıb və bağlamaların rəsmiləşdirmə prosesindəki bütün əməliyyatlar vahid məkanda, ən qısa vaxt ərzində həyata keçirilir.
Nahar fasiləsində də fəaliyyətini davam etdirən mərkəzdə quraşdırılan kompüter və elektron köşklərdən istifadə etməklə vətəndaşlar “Smart customs” tətbiqi üzərindən bəyannamələrdə düzəlişlər apara, gömrük ödənişlərini həyata keçirə bilərlər. Vaxt itkisinin qarşısını almaq məqsədilə gömrük rəsmiləşdirilməsi və anbar ödənişləri vahid məkanda, bir pəncərə sistemi ilə reallaşdırılır .
Bundan başqa texnoloji sxemdə aparılan təkmilləşdirmələr hesabına gömrük nəzarəti zamanı yol verilən təkrarlamalar da aradan qaldırılıb.
Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələri tərəfindən aparılan təhlillərə əsasən bağlamaların gömrük rəsmiləşdirilməsinə görə vətəndaşlar əvvəllər 40 dəqiqədən 3 saata qədər vaxt itirirdisə, artıq bu mərkəzdə bütün proseslər maksimum 20 dəqiqə ərzində həyata keçirilir.
Artıq tətbiqinə başlanan yeniliklər xidmətlərin əlçatanlığının, gömrük prosedurlarının rasionallığının təmin edilməsi, əməliyyatların sadə, asan, sürətli şəkildə həyata keçirilməsi, vətəndaş məmnuniyyətinin, şəffaflığın artırılmasına şərait yaradacaq.