Avtoxuliqanlıq edən sürücü saxlanıldı, üzr istədi - VİDEO
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin və spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Bu barədə AFN-ə DİN-in mətbuat xidmətindən bildirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna və digər hərəkətdə olan avtomobillər üçün real təhlükə yaratdığına görə “Saxla” işarəsi verilib.
Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini Məmmədəli Dadaşovun spirtli içkinin təsiri altında olduğu müəyyən edilib. Eləcə də, həmin şəxsin narkotik vasitənin təsiri altında olduğuna dair əsaslı şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən M.Dadaşovun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxsin barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub. Quba Rayonl Məhkəməsinin qərarı ilə Məmmədəli Dadaşov 15 gün müddətinə inzibati qaydada həbs edilib və sürücülük hüququ 1 illik məhdudlaşdırılıb.