“Üç donuz balası” yeni səhnələşdirmədə
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni səhnə işinin məşqlərinə başlanılıb.
Teatrın mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, mütəmadi olaraq dünya xalqlarının da nağıllarına müraciət edən və onları fərqli səhnə həllində təqdim edən yaradıcı heyət bu dəfə ingilis folkloruna aid “Üç donuz balası” adlı məşhur nağıla müraciət edib.
Uşaqlara zəhmətsevərlik, özünə inam, ağıl ilə gücün birlikdə istənilən maneəni dəf etmək gücünü göstərən məişət mövzulu eyni adlı nümunə noyabrın sonlarında balacaların ixtiyarına veriləcək.
Birhissəli uşaq tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnı mətnlərinin müəllifi Sevinc Nuruqızıdır.
Klassik nağıla daha iki personaj əlavə edən yaradıcı heyət nümunəni müasir uşaqların zövqünə uyğunlaşdırmağa çalışıblar. Belə ki, quruluşa müxtəlif texniki vasitələr sayəsində animasiya elementləri qatmaqla tamaşa içində interaktiv oyunu da sınaqdan keçirəcəklər.
Rejissor ümumilikdə ikisi canlı plan olmaqla səkkiz kukla ilə qurulan tamaşanın əsas oyun-ifadə üslubunu daha çox kiçik ölçülü (50 sm-lik) kuklaların plastik və musiqi ritmləri ilə ahəngdar tərzdə quruluşuna meyl edərək balaca tamaşaçıların daha çox diqqətini cəlb etməyə çalışıb. Bununla da uşaqlar mətn, aktyor oyunu və musiqinin köməyi ilə nağılın ehtiva etdiyi əsas məqamları müxtəlif təqdimatlar ilə daha yaxşı qavramış olacaqlar.
Özünün yeni səhnə yozumunu tapacaq “Üç donuz balası”nın personajlarını teatrın aparıcı aktyorları Səriyyə Mansurova, Aygül Ağayeva, Elnur Xəlilov, Ülviyyə Əliyeva, Elgün Həmidov, Adil Dəmirov, Cavid Telman, Araz Həsənov, Elmira Hüseynova və “Oyuq” teatr-studiyasının yetirməsi Adil İqbal hərəkətə gətirəcəklər.