Moldovalı nazir işğaldan azad edilmiş ərazilər barədə məlumatlandırılıb
Oktyabrın 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan Moldova Respublikasının əmək və sosial müdafiə naziri Marçel Spatarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə qonağı işğaldan azad edilmiş ərazilərin vəziyyəti barədə məlumatlandırıb.
Dövlət Komitəsindən AFN.az-a bildirilib ki, Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində ölkəmizdə yaranmış qaçqınlıq və məcburi köçkünlük problemi, onun tarixi kökləri və həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib. Ölkəmizdə qaçqın və keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmin edildiyi, dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan vətəndaşlara xüsusi diqqət və qayğı göstərdikləri bildirilib.
Qonaqlara işğaldan azad edilmiş ərazilərin mövcud vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri, bərpa-quruculuq işləri və məcburi köçkünlərin qayıdışa hazırlanması barədə də məlumat verilib.
Qeyd olunub ki, Böyük Qayıdışın təşkili könüllülük, təhlükəsizlik və layiqli həyat şəraitinin yaradılması kimi beynəlxalq prinsiplərə əsaslanır. İstər məcburi köçkünlük dövründə, istərsə də indi qayıdışa hazırlıq görülərkən məcburi köçkünlərin məşğulluğunun artırılması məsələsinin də prioritet istiqamət olduğu bildirilib, qonaqlar bu sahədə həyata keçirilən layihələr barədə məlumatlandırılıb.
M.Spatar səmimi qəbula görə təşəkkür edib. O, səfərinin ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək məqsədi daşıdığını vurğulayıb, həmçinin bölgədə yaranmış böhranlı vəziyyətlə əlaqədar Moldovanın üzləşdiyi qaçqınlıq problemindən danışıb, onun həlli sahəsində təcrübə mübadiləsinin faydalı olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.