Azərbaycanından kənarda yaşayan azərbaycanlılar Azərbaycanda yaşayanlardan xeyli çoxdur - İlham Əliyev
"Hər halda, Azərbaycanda öz tərəfimizdən bizim təşkilatımıza daxil olan ölkələrin birliyini möhkəmləndirmək üçün hər şeyi edəcəyik, dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik".
AFN.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən deyib. O bildirib ki, təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur: "Bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik. Həmçinin mən bunu da bilirəm ki, Türk dövlətlərinin bütün rəhbərləri bu və ya digər ölkələrdə onların qardaşlarının hüquqlarının necə təmin edilməsinə böyük əhəmiyyət verirlər".