Bakının bu hissəsinə şəxsi avtomobillə nəhəng əhali axını baş verir - Rəy


İqtisadçı ekspert Rövşən Ağayev Bakıda getdikcə dözülməz miqyas alan tıxaclarla bağlı vacib bir məqama diqqət çəkib. AFN.az xəbər verir ki, o, paytaxt üzrə əhali sıxlığını araşdırıb və ortaya maraqlı məlumatlar çıxıb.

"Bakının bütün qaynar həyatı (iş yerləri, təhsil, ticarət, istirahər) onun ümumi ərazisinin fiziki olaraq cəmi 3-4%-lik hissəsində formalaşıb" deyən ekspertin sözlərinə görə, şəhərin mərkəzini təşkil edən 4 əsas inzibati rayonun (Səbail, Nəsimi, Nərimanov və Yasamal) ümumi ərazisi Bakının ümumi ərazisinin cəmi 3.7%-ni təşkil edir: "Rəsmi qeydiyyatda olan paytaxt əhalisinin isə 28%-i bu hissəyə düşür. Təxminən 80 kv/km-lik bu hissə üzrə orta əhali sıxlığı 9000 nəfərə yaxındır və bu paytaxt üzrə orta göstəricidən 9 dəfə çoxdur. Amma problemin əhali sıxlığının yüksək olmasından daha çox, iş yerlərinin və şagird yerlərinin sıxlığında olduğunu düşünürəm. Bakı ətrafında məskunlaşma həddən artıq pərakəndədir, ictimai nəqliyyat isə bərbad vəziyyətdə olduğundan hər gün həmin 80 kv/km-lik hissəyə bütün hissələrdən şəxsi avtomobillə nəhəng əhali axını baş verir. Rəqəmlərə baxanda mənzərə daha aydın görünür.
Məsələn, qeyd olunan 80 kv/km-lik hissədə hər kv/km-ə şagird sıxlığı 1700 nəfər, yerdə qalan ərazilər üzrə 170 nəfər təşkil edir. Nəsimi rayonu üzrə şagird sıxlığı daha yüksəkdir - 3500 nəfərə yaxın.
Sırf rəsmi məşğulluğu (muzdla işləyənlər) götürsək, mərkəzdə iş yerlərinin sıxlığı 8000-ə yaxın, o cümlədən Nəsimi r/nunda 20 000 ətrafındadır. Paytaxtın digər əraziləri üzrə bu göstərici 150-ni ötmür. Şübhəsiz ki, tıxacların yaranmasının ən böyük səbəbi ictimai nəqliyyat infrastrukturunun effektiv təşkil edilməməsidir. Lakin Bakı kimi "compact city" konseptindən çox uzaq, ətraf ərazilərin fantastik səviyyədə pərakəndə məskunlaşmaya məruz qaldıdğı aqlomerasiyalarda əhalinin sıxılığından daha çox iş yerlərinin coğrafi paylanmasının da opimallığı son dərəcə vacib amildir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu