Rəşad Məcid, siz MŞ-nin sədrisiniz, yoxsa AYB-nin sözçüsü?!
Azərbaycan Yazıçılar Birliyinin (AYB) dünənki qurultayında Çingiz Abdullayevin “özüz ölmürsən utanmığdan?” cavabı Anarın yenidən sədr seçilməsi qədər qalmaqal yaratdı. Təkcə ona görə yox ki, ana dilin qorunması və inkişafı missiyasını yerinə yetirməli olan Azərbaycan Yazıçılar Birliyində faktiki ikinci şəxs olan Çingiz Abdullayev Azərbaycan dilinin anasını ağlar qoymaq əhdinə sadiqliyini davam etdirir, həm də birbaşa işi jurnalistləri müdafiə etməli olanlar bu məsələdə nəinki jurnlisti müdafiə etmək missiyasını yerinə yetirir, əksinə təhqirə haqq qazandırır.
Qarşılayın, Mətbuat Şurasının yeni sədri Rəşad Məcid, həm də AYB-nin katibi və sair və ilaxır...
Rəşad Məcid deyir ki, Yazıçılar Birliyinin qurultayında bəzi “jurnalistlərin” hərəkətlərini görəndən sonra bir daha əmin oldum ki, mətbuatımızın saflaşmasına ciddi ehtiyac var.
“Heç bir ədəb-ərkan gözləmədən, bütün etik qaydaları tapdalayaraq yaşlı yazıçılarla, alimlərlə kobud davranan, mikrofonu müsahibinin ağzına dürtən, əndazə gözləmədən, qarışıqlıqdan və tünlükdən faydalanıb , müsahibini hövsələdən çıxarıb zorla istədiyi cavabı qoparmağa çalışan, qalmaqal təşnəsi bu “jurnalistlər”in hərəkətinə heyrətlənməmək mümkünsüz idi”, - deyir Mətbuat Şurasının sədri.
Hörmətli Rəşad Məcid, siz kimin tərəfindəsiniz?!
Mətbuat Şurasının işi jurnalistlərin hüquqlarının qorunmasıdır, hörmətli sədr isə jurnalisti təhqir edən Çingiz Abdullayevə haqq qazandırır, hətta özü də bu təhqirə davam edir.
Sual yaranır, müsahibənin necə alınması, mikrafonun necə tutulması haqda qayda varmı jurnalistikada?!
Bəlkə Rəşad Məcid və onun AYB-dəki dostları gəlib mediaya necə işləməyi öyrətsinlər?!
Rəşad Məcidin məntiqinə görə, müsahib yaşılıdırsa, yaxud yazıçıdırsa, ondan heç nə soruşmaq olmaz.
Yaxud belə qayda varmı ki, hörmətli sədrin dediyi “tünlükdə, qarışıqlıqda” sual vermək media prinsiplərinə ziddir?!
Jurnalist soruşur ki, “qurultaya 203 min manat vəsait ayrılıb, bu vəsait hara xərclənib”. Bu medianın işidir, sualın necə qoyulmasından, yaxud necə verilməsindən asılı olmayaraq, Çingiz Abdullayev normal cavab verməli idi, çünki bu, onun işidir.
AYB-nin sədri Anar da təhqir olunmamışdan öncə jurnalistə bildirmişdi ki, “bu məsələlərə Çingiz baxır”, jurnalist də “məsələyə baxana” sualını ünvanladı.
Burada nə media prinsipləri pozulur, nə də hansısa hörmətsizlik var. Hörmətsizlik, həm də təkcə sualı verən jurnalistə yox, bütün mediaya edilən sayqısızlıq Çingiz Abdullayevin verdiyi cavab, danışıq tərzidir.
AYB-dən Mətbuat Şurasına tranfer edilən və son hadisəyə münasibəti ilə əslində “iki stulda əyləşdiyini” təsdiq edən Rəşad Məcid isə jurnalistə hücum edir. Bunu da medianın peşəkarlaşması adı altında etməyə çalışır.
Əgər Rəşad Məcid Mətbuat Şurasının sədri postundan AYB-dəki dostlarını qorumaq, həm də Yazıçılar Birliyindəki kreslosunun “haqqını vermək” üçün istifadə edirsə, onun mediada nə işi olmalıdır, niyə MŞ-nin sədri postunu məşğul edir?!
Anarın 83 yaşı var, elə AYB-də onu əvəzləyə bilərdi və oradan mediaya hücum etməsi daha haqlı görünərdi.
Rəşad Məcid isə bu gün Mətbuat Şurasının sədri postundan istifadə etməklə jurnalistləri əzməyə, təhqir etməyə çalışır, oturduğu budağı baltalayır.
İddia edir ki, “bəzi özünü media adlandıran , “gözəgörünməz” sayt idarəçilərinin “sensasiya” yaratmaq naminə gəncləri əllərində oyuncağa - robota çevirməsini müşahidə eləmək də məyusluq doğururdu”.
Rəşad Məcid, qurultaya dəvət edilən bütün media sizin seçdikləriniz idi, orada sualı verən jurnalistin təmsil olunduğu media da nüfuzu ilə tanınır, digərləri də. Sual xoşunuza gəlmədi deyə medianı “zərbə” altına qoymaq, jurnalisti təhqir etmək Mətbuat Şurasının sədri kimi yumşaq desək sizə yaraşmır, bunun daha sərtini də deyə bilərik.
Mətbuat Şurası sədrinin “bəzi özünü media adlandıran” dediyi media orqanları isə bunlardır: “Baku TV”, “İctimai TV”, “APA”, “Yeni Müsavat” və s. Qurultayda etiraz edən gənclərdən müsahibə alanlar arasında bu media orqanları və digərləri də var idi. Rəşad Məcid görünür ya medianı tanımır, ya da Mətbuat Şurasında bir, AYB-də bir vəzifə daşıması onun eyforiyaya qapılmasına səbəb olub.
Bu gün bütün media olaraq başda Rəşad Məcid olmaqla Azərbaycan Mətbuat Şurasından jurnalisti təhqir edən Çingiz Abdullayevin hərəkətlərinə tənqidi reaksiya gözləyirik!
Rəşad Məcid ya jurnalistlərin yanında olmalıdır, ya da Mətbuat Şurasının yeni sədri kimi öz legitimliyini itirmiş olacaq.
Zaur Hacılı, Demokrat.az