Putin: “Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında razılaşmalara əməl etmək sülhün yeganə yoludur”


“Üçtərəfli bəyanatların həyata keçirilməsi, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması yolu ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin sabit şəkildə normallaşmasına nail olmaq mümkündür”.



AFN xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbədənkənar sammitində deyib.

Onun sözlərinə görə, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin imzaladığı birgə bəyanatların bütün müddəalarına tərəflərin ciddi əməl etməsi sülhə aparan yeganə mümkün və real yoldur: “Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, humanitar məsələlərin həlli ilə bağlı olan bu bəyanatların ardıcıl icrası ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin sabit şəkildə normallaşmasına nail olmaq mümkündür. Biz bunu Ermənistanın baş naziri ilə dəfələrlə müzakirə etmişik və belə başa düşürəm ki, o, bununla tam razıdır. Bəs bu həll yollarını necə tapmaq olar? Bu, asan deyil. Lakin həll yollarını yalnız bu istiqamətdə tapmaq mümkündür. Gələcəkdə bu, sülh sazişinin bağlanmasına imkan verəcək”.

O vurğulayıb ki, Moskva Bakı ilə İrəvan arasında münasibətlərin hərtərəfli normallaşmasına nail olmaq üçün əlindən gələni edir: “Təbii ki, biz Rusiyaya yaxın dövlətlər arasındakı problemlərdən və ziddiyyətlərdən kənarda qala bilmərik və bunların sülh yolu ilə həllinə töhfə verməyə hər zaman hazırıq. Ümumiyyətlə, biz Cənubi Qafqazın sakit və davamlı inkişaf edən region olmasında maraqlıyıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu