TBMM ölkə hərbçilərinin Azərbaycanda qalma müddətinin daha bir il uzadılmasını təsdiqləyib
Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkə hərbçilərinin Azərbaycanda qalma müddətinin daha bir il uzadılması ilə bağlı qanun layihəsini qəbul edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə ölkə parlamentinə göndərilən qanun layihəsi müzakirələrdən sonra təsdiqlənib.
Qanun layihəsinə əsasən, Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadılıb.
Qeyd edək ki, belə bir qərar Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım müqaviləsinə əsaslanır. Bu, atəşkəsin qorunması, təxribatların qarşısının alınması, regionda sülh və sabitliyin təmin olunması məqsədi daşıyır.
Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.