Rəqəmsal İnkişaf Agentliyi ikinci, üçüncü dərəcəli işlərlə məşğul olur - Osman Gündüz


"Açıq Məlumatlar Bazası" portalı təqdim olunub. AFN.az xəbər verir ki, bununla bağlı RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb. Prezidentin dünənki müvafiq fərmanı ilə eGov səlahiyyətləri RİNN-ə, adıçəkilən Agentliyə verilib.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüz məsələni şərh edib. Onun sözlərinə görə, ləğv edilən eGov mərkəzinin də bir neçə portalı pərakəndə halda fəaliyyət göstərirdi: "Oxşar portalın biri də RİNN-də olan "Açıq Məlumatlar Bazası" portalı idi. İndi birdən kiminsə ağlına gəlib ki, onu yeniləsin. Anlamıram nə baş verir. Yəni, bəlkə də portal günün tələblərinə cavab vermirdi, effektiv mexanizmlər yox idi, köhnə standartlar əsasında hazırlanmışdı. Amma doğurdanmı onu elə dərhal yeniləmək lazım idi? Dəfələrlə deyilib ki, səmərəsiz prosesləri yeniləmək və rəqəmsallaşdırmaq daha ağır fəsadlar verir".
O.Gündüzün sözlərinə görə, Prezidentin fərmanında mərkəzləşmədən, pərakəndəliyin aradan qaldırmasından söhbət gedir, amma adı çəkilən qurumun ilk addımları anlaşılmaz olur: "Düşünürəm ki, hazırda prioritet olan, Prezidentin fərmanına uyğun olaraq optimallaşma aparmaq, hüquqi əsaslar yaratmaq, artıq RİNN tabeliyinə keçən çoxsaylı portalları, eGov portalı, MyGov portalı, dxr.az portalı, Opendata.az Portalı və s. vahid bir mərkəzdə formalaşdırmaq daha doğru yanaşma olardı. Yaxşı olardı ki, İRİA nə üçün portalın içinin BOŞ olmasına diqqət çəkəydi. Uzun müddətdir ki, dövlət qurumları ora heç nə əlavə etmirlər. Axırıncı yeniləmə az qala bir il öncə olub. Sadəcə biabırçılıqdır".
Ekspertin fikrincə, yenilənmənin olmamasına səbəb hüquqi əsasların olmamasıdır: "Heç bir dovlət qurumu öz arzusu ilə ora məlumat bazası yerləşdirmək istəmir. İRİA-nın prioritetləri müəyyən etmək əvəzinə, "Açıq məlumat bazaları haqqında Qanun" layihəsini ortaya qoymaq əvəzinə, sektorda mərkəzləşmə əvəzinə ikinci, üçüncü dərəcəli işlərə önəm verməsi təəssüf doğurur. Ümid edirəm RİNN tez bir zamanda Prezidentin ötən gün imzaladığı fərmana uyğun olaraq açıq məlumatlara və eGov məsələlərinə, rəqəmsal hökumətə və transformasiyaya vahid bir konseptual yanaşma ortaya qoyacaq".

FAMİL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu