Vüqar Bayramov: “Yeni viza sisteminin tətbiqi Azərbaycana gələn turistlərin sayını artıracaq”
Azərbaycanda Miqrasiya Məcəlləsinə şəxsi səfər məqsədilə verilən giriş vizası ilə bağlı dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, şəxsi səfər vizası əhatə dairəsi genişləndirilir. Belə ki, bundan sonra şəxsi səfər vizası Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi olan əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin (yalnız həmin əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ailə üzvləri üçün) Ələt iqtisadi zonası hüquqi şəxslərinin təsisçilərinin, işçilərinin və ya həmin zonada müvəqqəti yaşamaq üçün icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin notarial qaydada təsdiq edilmiş dəvət məktubu əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək.
Dəyişikliyin Azərbaycanda turizmin inkişafına və ölkəyə gələn turistlərin sayına təsirini AFN.az-a şərh edən iqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, bütövlükdə aparılan monitorinqlər göstərir ki, ölkəyə səfər edənlərin sayına viza proseduru birbaşa təsir göstərir: “Əslində biz viza alınmasının sadələşməsindən sonra Azərbaycana daha çox əcnəbinin gəldiyini müşahidə etdik. Bu baxımdan vizaların elektronlaşması, asan viza sisteminin tətbiq edilməsi, eyni zamanda şəxsi səfər vizası ilə bağlı tətbiq ediləcək yeni qaydalar Azərbaycana gələn turistlərin sayının artmasına gətirib çıxaracaq. Bu ilin ilk 10 ayında ölkəmizə gələn turistlərin sayı 2,2 dəfə artıb. Rəqəmlə ifadə etsək, bu müddətdə ölkəyə 1 milyon 300 mindən artıq turist gəlib. Nəzərə alsaq ki, pandemiya səbəbindən quru sərhədlərimiz hələlik bağlıdır, bu rəqəm kifayət qədər ciddi rəqəm hesab oluna bilər. Təbii ki, pandemiyadan əvvəlki dövrdə ölkəyə gələn turistlərin sayı daha çox idi. 2019-cu ildə Azərbaycana 3,2 milyon turist gəlmişdi. Paralel olaraq pandemiyadan əvvəlki dövrdə turizmdən il ərzində 2,5 milyard dollar gəlir əldə edirdik. Bu da qeyri-neft sektorunda kifayət qədər böyük gəlir mənbəyidir. Ona görə də hesab edirəm ki, yeni viza sisteminin tətbiq edilməsi Azərbaycana gələn turistlərin sayının daha da artmasına və ölkənin bütövlükdə daha çox gəlir əldə etməsinə imkan verəcək”.
Qeyd edək ki, Miqrasiya Məcəlləsinin hazırkı variantında şəxsi səfər vizasının verilməsi aşağıdakı kimi tənzimlənir:
"Şəxsi səfər vizası Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi olan əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin (yalnız həmin əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ailə üzvləri üçün) notarial qaydada təsdiq edilmiş dəvət məktubu əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir".
Fəxriyyə ABDULLAYEVA