Bəzi deputat və məmurların fikrincə, prezident düz demir? - EKSPERT


Bəzi deputatlar ölkədə tüğyan edən qiymət artımının əsl səbəblərini gizlətməyə çalışaraq söhbəti yenə ərzaq məhsullarının pərakəndə satışında "süni qiymət artımı" deyiminə gətirərməklə ət satanı, çörək bişirəni, soğan əkəni günahkar çıxartmaq istəyirlər.


AFN.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, bununla, güya, hökumətin səhv siyasətini ört-basdır edirlər, amma anlamırlar ki, pərakəndə satışda "süni qiymət artımı" olduğunu deməklə hakimiyyəti ciddi tənqid edib, ölkə prezidentini səhv çıxarırlar: "Əgər ölkədə ərzaq məhsullarının pərakənda satışında süni qiymət artımı varsa, deməli, ölkədə bazar iqtisadiyyatı, rəqabət yoxdur, inhisarçı-məmur dövlət iqtisadi sistemi mövcuddur. Bəs axı prezident hər çıxışında deyir ki, ölkədə rəqabət, bazar iqtisadiyyatı, əla biznes mühit var. Həmin deputat və məmurların fikrincə, prezident düz demir, bunu açıq deyə bilərlər?!"

Ekspert qeyd edib ki, əgər onlar "ölkədə süni qiymət artımı var", deyəndə dövlət şirkətlərinin diqtə etdiyi qiymətləri, kommunal xidmətlərin tariflərini, işıq və qaza süni olaraq limit qoyulmasını nəzərtə tutsaydılar, onlara ciddi yanaşmaq olardı: "Çünki bizdə dövlət tərəfindən tənzimlənən qiymətlər süni artır, ərzaq qiymətlərini dövlət tənzimləmir, dövlət pərakəndə satış iştirakçısının qiymət qoymasına deyil də, ancaq vergisini ödəyib-ödəmədiyinə qarışa bilər.
"Sovet" kafalı deputat və məmurlarımız ölkənin qanunlarını belə yaxşı bilmirlər. Dövlətin borcu ölkədə rəqabətli iqtisadiyyat yaratmaq, vəzifəsi ədalət mühiti formalaşdırmaqdır. Rəqabət və ədalət olan yerdə süni qiymət artımı mümkün deyil! Bunu ona görə yazdım ki, "süni qiymət artımı" söhbəti həmişə kiçik-orta sahibkarın başında çartlayır, onları bu adla qeyri-qanuni sıxırlar, cərimələyirlər, böyük "balıqlar" isə hər gün təzə supermarket açıb kiçik dükanları, xırda ailə mağazalarını sıxışdırıb məhv edirlər - ölkədə əvvəl dükan sahibi olanlarin bir çoxu indi həmin supermarketlərdə "merçendayzer" kimi işləməyə məcbur qalıblar".

FAMİL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu