Bir sıra tibb müəssisələri Səhiyyə Nazirliyinə verilir - FOTOLAR


“2023-cü il yanvar ayının 1-dən etibarən bir sıra tibb müəssisələri TƏBİB-in tabeliyindən çıxarılacaq”.


AFN.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB - Tibdə müasir keyfiyyət mərhələsi: real perspektivlər gələcəyə baxış” adlı hesabat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, həmin qurumlar - Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək.

“Fürsətdən istifadə edib, adıçəkilən tibb müəssisələrinin rəhbərliyinə və çoxminli kollektivinə TƏBİB-lə səmərəli əməkdaşlığa və koordinasiyalı fəaliyyətlərinə görə təşəkkür edirəm”, - deyə V.Qurbanov qeyd edib.

Onun sözlərinə görə, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan işçilərin sayı 97 125 nəfərdir. Onların 16 381 nəfəri həkimdir:

“38 949 orta tibb işçisi, 22 608 kiçik tibb işçisidir. 2022-ci ildə 12 440 işçi işə qəbul olunub. Tibb müəssisələrində çalışan həkim və orta tibb işçilərinin peşə hazırlığının artırılması, təcrübə mübadiləsinin təşkil edilməsi, təlim proqramlarının hazırlanması, müvafiq sahə üzrə təlimçilərin hazırlanması məqsədilə tibb müəssisələrindən ümumilikdə 2000-dən çox personal təlimlərə cəlb edilib”.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu