Prezidentin yerində oturan nazirlərdən biri getdi: növbədə İnam Kərimovdur? - FOTOFAKT


Mədəniyyət naziri Anar Kərimovun vəzifədən alınmasının ardından onunla bağlı yeni məlumatlar özünə yer alıb.


AFN.az xəbər verir ki, mediada yayılan məlumatlardan növbədə daha bir nazirin olduğu qənaəti yaranır. Belə ki, Anar Kərimovun vəzifədən alınması qərarını tezləşdirən məsələlərdən biri kimi, tədbirlərin birində onun Prezident üçün nəzərdə tutulmuş yerdə oturması göstərilir. Qafqazinfo bu haqda yazır ki, bu yaxınlarda Heydər Əliyev Sarayında keçirilən tədbirlərdən birinə qatılan A.Kərimov, həmkarı, kənd təsərrüfatı naziri İnam Kərimov və onların xanımları sarayda adətən dövlət başçısının oturması üçün nəzərdə tutulan və protokol hesab edilən sıraya əyləşiblər: "Deyilənə görə, nazirə həmin yerin Prezident sırası olduğu haqda xəbərdarlıq edilsə də, o, məhəl qoymayaraq kresloların üstündəki örtüyü açdırıb və israrla orada oturub". Sayt bununla bağlı fotogörüntü də dərc edib. Görüntüdən yazılanlar təsdiqini tapır.
Belə olan halda ortaya sual çıxır: növbədə İnam Kərimovdurmu? Bunun mümkün olduğunu vurğulamaqla yanaşı, hətta bəlkə artıq gerçəkləşmiş olduğunu da deyə bilərik. Bu gün redaksiyamıza daxil olan şikayəti araşdırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin yetkililərinə etdiyimiz zənglərin cavabsız qalması bizi belə düşünməyə vadar edir. Son bir neçə saat ərzində dəfələrlə yığmağımıza baxmayaraq, nazirliyin mətbuat xidməti zənglərimizə cavab verməyib. Hətta şikayətçi də dünəndən nazirliyin qaynar xəttinə problemi ilə bağlı məlumat verdiyini, lakin heç bir reaksiyanın olmadığını bildirib: "Sanki belə bir qurum fəaliyyət göstərmir". Bütün bunlardan çıxış edərək, nazir İnam Kərimov barəsində işdən çıxarılma sərəncamının artıq verildiyini düşünmək olar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu