Minimum əmək haqqı və minimum təqaüd artırılanda üzülənlər sevinənlərdən çox oldu - SƏBƏB


Prezidentin dünənki sərəncamı ilə minimum əmək haqqının artırılması nə qədər müsbət qərar olsa da, özü ilə bəzi problemlər də gətirib. İndi işçiləri və işəgötürənləri artan sosial vergilərin dərdi götürüb, desək, yanılmarıq. Artıq yanvardan etibarən minimum əməkhaqqı ilə çalışan hər işçiyə görə nə az, nə çox, 102 manat sosial vergi ödənəcək.


AFN.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli məsələni şərh edib. Ekspertin sözlərinə görə, bu vəziyyətin yaranmasına səbəb qanunlardakı boşluqlardır: "Qanunlar o qədər eybəcər yazılıb ki, minimum əmək haqqı və minimum təqaüd artırılanda buna sevinənlər az, problemləri yarananlar daha çox olur. Bəlkə də 10 ildir ki, müxtəlif ictimai çıxışlarımızda minimum əmək haqqının VÖEN-lə çalışanların sosial vergilərinə (bəli, bu da vergi növüdür) bağlılığının aradan qaldırılmasını, qanunlara 1 cümləlik dəyişiklik edilməsini təklif etmişik – dinləmirlər. Nəticədə minimum əmək haqqı artan kimi VÖEN-lə çalışanların, yəni, məntiqlə istənilən ölkədə əsl sabitliyin dayağı ola biləcək kiçik və orta sahibkarların ödənişləri də artır".
N.Cəfərli qeyd edib ki, minimum təqaüd artan kimi tələb olunan pensiya kapitalının həcmi də artır: "Bu da qanunvericiliyin tələbidir: yığım kapitalı minimum təqaüdün 144 dəfəsi qədər olur, yəni, dünənki qərardan sonra yığım kapitalı 40 min 320 manata qalxır, dünənə qədər isə bu, 34 min 560 manat idi. Yaxşı, bu qayda dəyişməsə, minimum təqaüd hər il 10-15% artsa (280 manat çox aşağı rəqəamdir, əslində artmalıdır), məsələn, 3-5 ilə 500 manata qalxsa, o zaman pensiya kapitalının minimum həddi 72 min olacaq. Bəs bu həddə çatmaq üçün nə qədər, neçə il işləmək lazımdır ki, normal təqaüd alasan?!"
Ekspert bildirib ki, minimum əmək haqqı ilə VÖEN-lə çalışanların DSMF-yə ödənişləri arasında bağlantı qanundan çıxarılmalı, minimum təqaüdün yığım kaitalı arasında olan formul yığışdırılmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu