Qarlı havaya görə imtahana gələ bilməyən tələbələrə güzəştlər ediləcək
Qarlı hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində müəyyən problemlər yaranıb. Bir tərəfdən yolların buz bağlaması, digər tərəfdən əksəriyyətin taksiyə üstünlük verməsi paytaxt yollarında tıxaca səbəb olub.
Nəticədə bir çox insan mənzilbaşına vaxtında çatmaqda çətinliklə üzləşib. Lakin bu vəziyyətdən ən zərərli çıxanlar arasında, yəqin ki, tələbələr ilk sırada dayanır. Belə ki, yanvarın 5-dən etibarən imtahan sessiyasında olan tələbələrin bəziləri hərəkət iflic olduğu üçün imtahana gecikiblər.
Bəs görəsən, universitetlərdə imtahanda iştirak edə bilməyən və ya imtahana gecikən tələbələr üçün hansısa güzəştlərin tətbiq edilməsi planlaşdırılır?
AFN.az bildirir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov qeyd edib ki, ADNSU-da bir saat və ya saat yarım gecikən tələbələrə imtahanda iştirak etmələri üçün şərait yaradılır:
"Əgər nəqliyyatla bağlı yaranmış problem səbəbilə hər hansı bir tələbə imtahana qatıla bilməsə, bu zaman o ərizə yazır və ona təkrar imtahanda iştirak etmək üçün şərait yaradılır”.
Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnarə Məmmədova isə bu gün keçirilən imtahanlarda gecikmə halının qeydə alınmadığını diqqətə çatdırıb:
“Bütün tələbələr imtahanda iştirak edib. Ancaq hava şəraiti ilə əlaqədar olaraq tələbələrin imtahanlarda iştirakı ilə bağlı problem yaranarsa, müraciətlərə baxılaraq müvafiq qərar veriləcək”.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev də bildirib ki, universitet rəhbərliyi hava şəraitini nəzərə alaraq gecikən tələbələrin də imtahana buraxılmasını qərara alıb:
“Əvvəl imtahan qrafikinin təmin olunması üçün belə bir qərar var idi ki, imtahana 30 dəqiqə gecikən tələbələr imtahana buraxılmasın. Amma bu gün vəziyyət hava şəraiti səbəbilə dəyişdi. İmtahana gələ bilməyən tələbələr üçün isə belə bir qərar qəbul olunub ki, həftəsonu onların imtahan verməsi üçün şərait yaradılsın. Bu həftəsonu gələ bilənlər bu həftəsonu, gələ bilməyənlər isə növbəti həftəsonu imtahanlarını verə bilərlər. Ümumilikdə, AzMİU-da imtahanda iştirak yüksək səviyyədədir, düzdür, gecikənlər var, amma onlar da imtahana buraxılıblar. Qeyd edim ki, AzMİU-nun payız semestrinin imtahan sessiyasında 10 655 tələbə iştirak edir. Bunlardan 7 658 tələbə bakalavr, 990 nəfər isə magistratura səviyyəsi üzrə təhsil alır. 2007 nəfər isə AzMİU-nun nəzdində fəaliyyət göstərən İnşaat kollecinin tələbələridir. Bu tələbələrin imtahan verməsi üçün 10 auditoriya ayrılıb”.
Bundan əlavə, Bakı Dövlət Universitet və Azərbaycan Texniki Universiteti rəhbərlikləri də qarlı havada imtahanlara gələ bilməyən tələbələrə yenidən şərait yaradılacağını açıqlayıblar.
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) qış imtahan sessiyasında iştirak edə bilməyən tələbələrə yenidən imtahan vermək şəraiti yaradacaq.
Bu barədə universitetdən bildirilib.
Qeyd olunub ki, ADPU-da qış imtahan sessiyasının imtahanları qrafik üzrə davam edir