Paşinyan eyni zamanda iki stulda otura bilməyəcək - ŞƏRH
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı əleyhinə səsləndirdiyi açıqlamalara Rusiyanın cavabı qısa və konkret oldu.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova dünən keçirdiyi mətbuat konfransında Kremlin Paşinyana mesajını təxminən bu şəkildə göndərdi: “Bizimləsən, yoxsa Qərbləsən?” Bəs Ermənistan vəziyyətdən necə çıxacaq? Ümumiyyətlə, Rusiya ritorik suallarla kifayətlənəcəkmi, yoxsa Paşinyanı hansısa yolla cəzalandıracaqmı?
AFN.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu məsələni şərh edib. "Rusiya prezidenti Vladimir Putinin başı Ukraynadakı işğalçı müharibəyə qarışdığı üçün onun əvəzinə cavabı Dmitri Peskov və Mariya Zaxarova verir" deyən E.Şahinoğlu qeyd edib ki, Paşinyan Kremlin Zaxarovanın dilindən səsləndirdiyi suala konkret cavab verə bilmir: "Əlbəttə, Paşinyan daxilən Qərblədir, ancaq Ermənistanın və erməni separatitmizinin reallıqlarını nəzərə alaraq Rusiyadan qopmanın ağır nəticələrini də proqnozlaşdırmağa çalışır. Paşinyan eyni zamanda iki stulda otura bilməyəcək, Zaxarovanın təbirincə desək, seçimini etməlidir. Seçim Paşinyanın mətbuat konfransında elan etdiklərinin reallaşdırmasından keçir: 1. Ermənistan KTMT-yə üzvlükdən imtina etməli; 2. Kremldən Rusiyanın Ermənistandakı hərbi bazasını ləğvini istəməlidir".