Azərbaycan və İsrail XİN başçıları əlaqələri genişləndirmək barədə razılığa gəlib - YENİLƏNİB


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrailin yeni xarici işlər naziri Eli Kohen arasında telefon danışığı olub.


Bu barədə AFN.az-a Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, C.Bayramov ilk öncə həmkarını bu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı zamanı tərəflər Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı ötən il keçirilən tədbirlər və qarşılıqlı səfərlər məmnunluqla xatırlanıb. Bununla yanaşı, ikitərəfli münasibətlərin çoxəsrlik tarixə malik olduğu, bu xüsusda Azərbaycanda yaşayan yəhudi icmasının ikitərəfli münasibətlərə verdiyi müsbət töhfə diqqətə çatdırılıb.

Nazirlər Azərbaycan ilə İsrail arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin yüksək səviyyəsini qeyd edərək hazırkı çoxşaxəli əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər. İqtisadi, turizm, təhsil, ticarət, yüksək texnologiyalar və digər sahələrdə münasibətlərin inkişaf etdiyi, Azərbaycan və İsrail hökumətləri arasında Birgə Komissiyanın fəaliyyəti qeyd olunub. Münasibətlərin yüksək dinamikasının, xüsusilə də Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin açılmasının, habelə Səfirliyinin təsis edilməsinin ikitərəfli əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verəcəyindən əminlik ifadə olunub.

C.Bayramov həmkarını bölgədəki vəziyyət, habelə post-münaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumatlandırıb və İsrail şirkətlərinin qeyd edilən prosesdə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrailin xarici işlər naziri Eli Koen arasında telefon danışığı olub.


Bu barədə israilli nazir öz tvitter hesabında yazıb.

Bildirilib ki, tərəflər Azərbaycanın İsraildə yeni səfirlik açması və səfirin təyin olunması məsələlərini müzakirə ediblər:

“Mən həmkarımı səfərə dəvət etdim. Biz iki ölkə arasında münasibətləri möhkəmləndirmək və əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik”, - deyə paylaşımda qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu