Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciəti BMT sənədi kimi yayılıb
Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciəti BMT-nin Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayılıb Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb.
Bu barədə AFN.az-a Qərbi Azərbaycan İcmasının Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, müraciət BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan) olmaqla adı çəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.
Müraciətin yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur. Məsələnin BMTnin ən mötəbər orqanlarının gündəliyinin qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruri olmasının beynəlxalq müstəvidə təsdiqidir. Bu uğur icmamızı sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geriyə qayıtmaq istiqamətində səylərini davam etdirməyə daha da ruhlandırır. Qərbi Azərbaycan İcması qeyd edilən müraciətin yayılmasına şərait yaratmasına görə BMT-nin katibliyinə təşəkkür edir.