Pensiyalar fevraldan artırılacaq - deputatdan açıqlama
Pensiyaların indeksləşdirilməsi ilə bağlı suallar sön dövrlər artıb.
AFN.az xəbər verir ki, vətəndaşlar pensiyalarında artımların olmasını səbirsizliklə gözləyirlər. Bunun yanvar ayında olacağını düşünənlər isə suallarını aidiyyatı qurumlara və şəxslərə yönləndirməyimizi istəyirlər. Parlamentin deputatı Vüqar Bayramov məsələ ilə bağlı aydınlıq gətirib. Onun sözlərinə görə, pensiyaların indeksləşdirilərək artırılmasının fevralın ikinci həftəsinə təsadüf edəcəyi gözlənilir: "Bildiyimiz kimi, pensiyalar əvvəlki ildə orta aylıq əmək haqqındakı artıma indeksasiya olunur. Bu göstərici isə fevral ayının ilk yarısında elan edilir. Qeyd edək ki, ötən ilin ilk 11 ayında Azərbaycanda orta aylıq əmək haqqı 14,6 faiz artıb. Bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb. Əmək haqqıdakı artım faizi əmək pensiyalarının indeksasiyasında istifadə edilən əsas meyardır".
V.Bayramovun sözlərinə görə, təxminən fevralın 12-dək Dövlət Statistika Komitəsinin rəsmi artım rəqəmini elan edəcəyi və daha sonra indeksləşdirmə ilə bağlı sərəncamın imzalanacağı gözlənilir: "O baxımdan, indeksləşdirmənin yanvarda baş tutmaması heç də pensiyaların artırılmayacağı anlamına gəlməməlidir.
Sərəncamın fevral ayında imzalanmasına baxmayaraq, pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. 2022-ci ilin 11 aylıq yekunları təsdiq edir ki, pensiya məbləğlərində yeni artımlar 15.0 faizə yaxın olacaq. Pensiyaçılara bu ay yanvar üçün hesablanmış artım da ödəniləcək. Mart ayından etibarən isə artırılmış standart aylıq pensiya məbləğini alacaqlar".