Türkiyədə təhsil alan Azərbaycanlı tələbələrə quru sərhədindən istifadə imkanı yaradılmalıdır


Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlər arasında Azərbaycandan olan tələbələr də var. Sosial şəbəkələrdə və mediada yayılan məlumatlara görə, həmin tələbələrin bir çoxu təyyarə biletinin baha olması səbəbindən tətil müddətində vətənə dönə bilməyiblər. Quru sərhədləri də bağlı olduğu üçün Türkiyədə qalmalı olan gənclərimiz təbii fəlakətin qurbanı olublar.


Bundan əlavə, hazırda qardaş ölkədə təhsil distant formaya keçdiyindən, orada olan tələbələrimizin vətənə qayıtması da müzakirə mövzusudur. AFN.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov Türkiyədə təhsil alan tələbələrimizin quru sərhədlərindən istifadəsinə şərait yaradılması təklifilə çıxış edib. Deputatın sözlərinə görə, baş verən dəhşətli zəlzələdən sonra qardaş ölkədə ali məktəblərdə təhsil onlayn, distant formaya keçib: "Türkiyədə 30 minə yaxın Azərbaycan vətəndaşının təhsil aldığını nəzərə alsaq, həmin gənclərin ölkəmizə qayıdışına dəstək olunması vacibdir. Təyyarə biletlərinin baha olduğunu nəzərə alsaq, tələbələrin çoxunun quru sərhədləri vasitəsi ilə vətəninə qayıtmağa üstünlük vermək istəyi anlaşılandır".
V.Bayramov qeyd edib ki, bu aydan etibarən Türkiyə ilə Naxçıvan arasında quru sərhədlərimiz açılsa da, bu imkandan Muxtar Respublikada qeydiyyatda olan vətəndaşlarımız istifadə etmək hüququna malikdir. "Bu baxımdan, qeydiyyat yerindən asılı olmayaraq, Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarına belə imkanın yaradılması məqsədəuyğun olardı. İndiki halda tələbə biletini təqdim etməklə Azərbaycanlı tələbələrinin quru sərhədindən istifadəsinə icazə verilməsi onların vətənə asan və daha az xərclə qayıtmasına imkan yaradardı. Bütövlükdə, mərhələli şəkildə qardaş Türkiyə ilə quru sərhədlərimizdən bütün vətəndaşlarımızın istifadə imkanının yaradılması məqsədəuyğun olardı" - deyə millət vəkili təklif səsləndirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu