Türkiyədə dağıntılar altında qalan 5 nəfərlik ailə xilas edilib
Türkiyənin zəlzələlərdən ən çox zərər çəkən ərazilərindən biri olan Adıyaman rayonunda dağıntılar altında qalan 5 nəfərlik ailə göyərçinləri ilə birlikdə xilas edilib.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, Atatürk Bulvarında 5 mərtəbəli binanın üst mərtəbəsində yaşayan 41 yaşlı Necmettin, həyat yoldaşı Aysel və 3 uşağı (10 yaşlı Elif, 8 yaşlı Edanur ve 2 yaşlı Yiğit Kerem), eləcə də 25 göyərçin dağıntılar altından çıxarılıb.
Necmettin bildirib ki, yaşadıqları binada 16 qohumu dağıntılar altında qalıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 38 044 nəfər dünyasını dəyişib.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.