10 min manat pensiya alırlar
Dövlət Gömrük Komitəsinin təqaüdə göndərilən generalları 8-10 min manat və daha yüksək pensiya alırlar.
AFN.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub.
Bildirilib ki, antikorrupsiya əməliyyatları çərçivəsində vəzifəsindən azad edilən Komitənin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevin pensiyası 10140 manatdır. Onun pensiyasının yüksək məbləğdə hesablanması xidmət müddətinin keçməsi, uzun illər DGK-da çalışıb, yüksək rütbə daşıması ilə bağlıdır.
Səfər Mehdiyevdən əvvəl Komitənin sədri olmuş general-polkovnik Aydın Əliyev də eyni məbləğdə pensiya alır.
2022-ci ilin dekabr ayında vəzifəsindən azad edilən DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin təqaüdü 8600 manata yaxındır. Digər təqaüdə göndərilən generallara 8300 manata yaxın pensiya təyin edilib.
Komitədən polkovnik rütbəsində təqaüdə göndərilənlərin pensiyası 2-4 min manat arasındadır.
Qeyd edək ki, bir neçə il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda 18 min manat pensiya verilməsi ilə bağlı məlumat yaymışdı. Bildirilmişdi ki, ümumilikdə ölkədə 10 min manatdan çox pensiya alanların sayı kifayət qədərdir.