Rusiya hakimiyyəti Türkiyə və Suriyanı barışdırır


Rusiya hesab edir ki, Suriya ilə Türkiyə arasındakı fikir ayrılıqları aradan qaldırıla bilər.


AFN.az-ın xəbərinə görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov “RİA Novosti”yə müsahibəsində belə deyib. “Türkiyə hərbçilərinin Suriyada olmasına gəlincə, onun müvəqqəti mahiyyətini şübhə altına almağa əsasımız yoxdur. Türkiyə tərəfi bunu ən yüksək səviyyədə bəyan edərək, Suriya Ərəb Respublikasının suverenliyinə, birliyinə və ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiqləyib. Bu mövqe bir sıra Rusiya-Türkiyə sənədlərində, Astana üçlüyünün birgə bəyanatlarında təsbit olunub”, - deyə Boqdanov bildirib.
“Biz inanırıq ki, Dəməşq və Ankara arasındakı fikir ayrılıqları aradan qaldırıla bilər. Biz tərəflərə onların arasında dövlətlərarası münasibətlərin normallaşdırılması və ənənəvi Suriya-Türkiyə mehriban qonşuluğunun bərpası maraqlarına uyğun olaraq qarşılıqlı məqbul həll yollarının tapılmasında yardım etməyə davam edəcəyik”-deyə diplomat bildirib.
O, həmçinin bəyan edib ki, Rusiya Federasiyası Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması zərurətini Türkiyədəki seçki prosesi ilə əlaqələndirmir.
“Birgə səylərin nəticələrindən biri Dəməşq və Ankara arasında diplomatik münasibətlərin bərpası, hər iki ölkədə diplomatik nümayəndəliklərin fəaliyyətinin bərpası olmalıdır. Biz Türkiyədəki seçki prosesini Dəməşq və Ankara arasında dövlətlərarası münasibətlərin normallaşması ilə əlaqələndirmirik. Bir-birinə doğru irəliləmək, mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinə qayıtmaq həm Türkiyənin, həm Suriyanın, həm də onların bütün səmimi dostlarının qısamüddətli deyil, uzunmüddətli marağıdır”.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu