Zərərçəkənlərdən Ali Məhkəməyə müraciət - Generalın cəzasının ağırlaşdırılmasını tələb edirlər


Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv edilib – E.M) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general Nizami Şirinovin cinayət işi üzrə zərərçəkənlər Ali Məhkəməyə kassasiya şikayəti veriblər.


Zərərçəkənlər Nizami Şirinov və onunla birgə mühakimə olunmuş keçmiş idarə rəisləri - Elman Tahirov, Elcan Abdullayev və əməliyyat müvəkkili olmuş Nadir Nəzərovun barəsində Bakı Apelyasiya Məhkəməsinin qərarından narazıdırlar.

Musavat.com xəbər verir ki, zərərçəkənlər Mirzəli Yusifov, Vüqar Ağayev, Emin Abbasov və Rahib Ağayevin şikayətini Ali Məhkəmədə Nazim Mövsümovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən araşdırılacaq.

Nizami Şirinov, Elman Tahirov, Elcan Abdullayev və Nadir Nəzərov “MTN işi” çərçivəsində həbs olunublar. Nizami Şirinova Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), Elman Tahirov, Elcan Abdullayev və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib.

İttihama görə, Nizami Şirinov və digər şəxslər qulluq mövqeyindən sui-istifadə edib, zərərçəkmiş şəxslərə hədə-qorxu gəlib, onların külli miqdarda vəsaitlərini mənimsəyiblər.

Onlar zərərçəkmişlər Dilşad Aslanovadan 80 min dollar, ehtiyatda olan Milli Ordunun polkovniki Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, Rahib Ağayevdən 150 min dollar almaqda təqsirli biliniblər.

Zərərçəkmiş Mirzəli Yusifov ilkin məhkəmə instansiyasına təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırıb. O, təqsirləndirilən şəxslərdən 315 min ABŞ dolları maddi ziyanın, 300 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib.

Digər zərərçəkmişlər Rahib Ağayev tərəfindən Nizami Şirinov və Elcan Abdullayevə qarşı məhkəməyə 150 min manatlıq mülki iddia qaldırılıb.

Zərərçəkmiş Vüqar Ağayevin vəkili isə məhkəməyə 1 milyon 162 min 400 manatlıq mülki iddia ərizəsi təqdim etmişdi.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Şirinov 8 il, Elcan Abdullayev 6 il, Nadir Nəzirov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Elman Tahirov barəsində olan cinayət işinin müddətinin keçməsi ilə bağlı cinayət işinə xitam verilib. Bu il fevralın 1-də Bakı Apellyasiya Məhkəməsində İbrahim İbrahimlinin sədrlik etdiyi hakimlər kollegiyasının qərarına əsasən Nizami Şirinovun cəzası 6 ilə, Elcan Abdullayevin cəzası isə 5 ilə endirilib. Nadir Nəzərova gəlincə, o, apelyasiya instansiyasında məhkəmə zalından azadlığa buraxılıb. Hakimlər belə nəticəyə gəlib ki, ona ittiham verilmiş epizodlar üzrə qanunda nəzərdə tutulmuş məsuliyyətə cəlb etmə müddəti keçib. İş üzrə zərərçəkmişlərdən Mirəzli Yusifov Ali Hərbi Məktəbin rəisi, Rahib Ağayev isə general-leytenant Yaşar Aydəmirovun sürücüsü olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu