Gündə 5 saat fasiləsiz dərs deyən müəllim üçün 1000 manat yüksək maaş deyil - ŞƏRH


Elm və təhsil naziri Emin Əmrullayevin bu gün keçirdiyi brifinqdə verdiyi bir neçə açıqlama diqqəti çəkir.


AFN.az xəbər verir ki, nazir fevralın 1-dən etibarən dövlət ümumtəhsil müəssisələrində çalışan 25 %-dən çox müəllimin 1000 manat və daha yuxarı əməkhaqqı alacağını bildirib. E.Əmrullayevin sözlərinə görə, son 10 ildə (2014-2023-cü illər) müəllimlərin orta aylıq əməkhaqqı məbləği təxminən 3 dəfə artıb. Açıqlanan rəqəmlərə əsasən, müəllimlərin orta aylıq əmək haqqı 750 manata çatdığı aydın olur. Bu rəqəmlər təbii ki, daha çox müzakirə olunan mövzudur.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Rövşən Ağayev hazırkı 10%-lik artımdan sonra ən yüksək müəllim maaşının (orta təhsildə) 770 manat olacağını deyib. Onun sözlərinə görə, 1000 manatdan yüksək almaq üçün dərs yükü 30% çox olmalıdır: "Yəni, bu qədər maaş üçün ən azı 24 saat (satvka yarım) dərs yükü olmalıdır. Hər gün ara vermədən 5 saat dərs deyən müllim üçün 1000 manat heç də yüksək gəlir deyil. Nəzərə alın ki, bu məbləğin də ən azı 120-130 manatı vergi-sığorta yüküdür. 750 manat orta maaşa gələndə, bunu dəqiqləşdirmək lazımdır ki, həmin məbləğ yalnız pedoqoji heyətin maaşlarının bazasında hesablanıb, yoxsa direktor və müavinlərin vəzifə maaşları da nəzərə alınaraq hesablanan məbləğdir? Çünki bu vəzifə maaşları müəllim maaşlarından daha yüksəkdir və orta göstəriciyə təsir edir. Nəzərə almaq lazımdır ki, orta maaşın yüksəlməsi bəzən neqativ faktora da bağlı olur - nə zaman ki, ən yüksək maaş alan 10 və ya 20%-in maaşları ilə aşağı arasında fərq 1-cilərin xeyrinə böyüyürsə. Ona görə də 1000 manatdan çox maaş alanların 25% olduğunu deyirlərsə, ən aşağı maaş alanların da, tam stavka ilə işləməyənlərin də statistikasını açıqlasınlar. Əlavə olaraq gəlir intervallarına görə müəllimlərin sayını açıqlasınlar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu