Azərbaycanın müdafiə naziri NATO nümayəndəsi ilə görüşüb


Martın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuz ilə görüşüb.


Bu barədə AFN.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Türkiyəli qonaq əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edib, üzərinə gül dəstələri qoyaraq ehtiram nümayiş etdirib.

Sonra Müdafiə Nazirliyində görüş keçirilib. Qonağı salamlayan general-polkovnik Z.Həsənov onu ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib.
Müdafiə naziri əvvəlcə Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların yaxınlarının dərdlərinə şərik olduğunu qeyd edib, ailələrinə dərin hüznlə başsağlığı verib və bütün yaralılara şəfa diləyib. Türkiyənin acısı bizim də acımızdır deyən nazir Azərbaycanın hər zaman qardaş ölkənin yanında olduğunu xüsusi vurğulayıb.

Sonra general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər, eləcə də Azərbaycan-Ermənistan şərti dövlət sərhədi və Qarabağ iqtisadi rayonundakı cari vəziyyət barədə qonağı məlumatlandırıb.

NATO ilə əməkdaşlıqda əldə edilən uğurlardan danışan müdafiə naziri qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
General-leytenant Mustafa Oğuz öz növbəsində zəlzələdən sonra göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçularına rəhmət diləyib və onların ailələrinə dərin hüznlə başsağlığı verib.

Daha sonra Azərbaycan ilə əməkdaşlığın cari vəziyyətindən danışan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi bu sahədə əldə edilən müsbət nəticələrdən məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycan-NATO hərbi əməkdaşlığının Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Sonda ikitərəfli əlaqələrin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu