Azərbaycan vətəndaşlarının İrana səfəri məqbul deyil - AÇIQLAMA
Xəbər verildiyi kimi, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə gedib və geri gönməyib.
AFN.az-ın xəbərinə görə, martın 4-dən etibarən Fərid Səfərlidən məlumat almaq mümkün deyil. Artıq məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi İrana nota verib. "Məsələyə aydınlıq gətirilməsi məqsədilə, Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hal-hazırda qarşı tərəfdən cavab gözləyir" - deyə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə bildirib.
Öz növbəsində müstəqil ekspertlər də hadisə ilə bağlı rəy veriblər. Politoloq Elxan Şahinoğli bildirib ki, hələ ötən ilin sonlarında Azərbaycan vətəndaşlarının həssas məqamda İrana səfərlərinin məqsədəuyğun olmadığı haqda çıxış edib: "Mən bunu yazanda Azərbaycanın İrandakı səfirliyinə hələ hücum olmamışdı. İki ölkə arasındakı münasibətlər ötən ilkindən də gərgindir. İranda Azərbaycan vətəndaşının müəammalı şəkildə yoxa çıxması yenidən bu mövzunu aktuallaşdırıb".
Politoloqun sözlərinə görə, quru sərhəd qapalı olsa da, təyyarə reysləri mövcuddur. Həmçinin Gürcüstan üzərindən də İrana gedənlərin olması haqda məlumatlar var. "İranda sentyabr ayından başlayan küçə yürüşləri və etirazlar davam edir. İrandakı rejim baş verənlərdə “xarici iz” axtarır, şübhələndikləri istənilən xarici ölkə vətəndaşını həbs edirlər. Bu mənada Azərbaycan Xarici İşlər Nazirliyinin bir daha İrana səfərin təhlükəli olmasıyla bağlı vətəndaşlara müracət etməsinə ehtiyac var" - deyə E.Şahinoğlu qeyd edib.