Ali Məhkəmənin yeni sədri kimdir? - DOSYE
Xəbər verildiyi kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Ali Məhkəməyə sədr təyin edilib. Bu vəzifəyə sabiq kənd təsərrüfatı naziri İnam Kərimov gətirilib. İnam Kərimov kimdir?
46 yaşlı İ.Kərimov Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birinci sədridir. O, bu vəzifəni 2012–2018-ci illərdə tutub. İ.Kərimovun Agentlik sədri kimi fəaliyyəti müsbət qiymətləndirilib. Buna qədər Azərbaycan Prezidentinin Administrasiyasında məsləhətçi (2002-2004), baş məsləhətçi (2004–2012), Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyasının katibi və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəri (2005–2012) vəzifələrini icra edib.
Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli 9 nömrəli Sərəncamı ilə Azərbaycanın Kənd təsərrüfatı naziri vəzifəsinə təyin olunub.
4 aprel 2023-cü ildə Milli Məclisdə müzakirəyə çıxarılmaqla Ali Məhkəmənin hakimi, həmin gün Prezidentin müvafiq sərəncamları ilə kənd təsərrüfatı naziri vəzifəsindən alınaraq, Ali Məhkəməsinin sədri təyin edilib.
Təhsilinə gəldikdə, İ.Kərimov orta təhsilini S.C.Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında alıb. 1994-1995-ci illərdə ABŞ-ın İndiana ştatında yerləşən Riçmond orta məktəbində təhsilini davam etdirib.
1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə daxil olub və buranı bitirib. 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb. Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsilini 2002-ci ildə başa vurub.
2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb.
İngilis, fransız, rus və fars dillərini bilir.
Ailəlidir, 2 övladı var.