Rusiyanı müharibəyə görə tənqid edən daha bir müğənninin konsertləri ləğv edilir
Rusiyalı müğənni, "Noçnıye snayperı" (Gecə snayperləri) rok-qrupunun lideri Diana Arbeninanın Rusiya şəhərlərində planlaşdırılan konsertləri təxirə salınıb.
AFN.az xarici mənbələrə istinadən xəbər verir ki, onun "Gecə Snayperləri" qrupunun konsert turu tam ləğv olunmaq təhlükəsi altındadır. Tolyatti, Çeboksarı və Ulyanovskdakı çıxışlar artıq ləğv edilib. Bu barədə "Mash" telegram kanalına məlumat verilib. Bildirilib ki, buna səbəb sənətçinin "xüsusi hərbi əməliyyatı" tənqid etməsi olub. Lakin yerli təşkilatçılar konsertləri "texniki səbəblərə" görə ləğv edirlər.
Müğənninin azarkeşləri artıq aldıqları biletləri geri qaytarmağa dəvət olunur.
Bundan əvvəl Ulyanovskda “Gecə snayperləri” qrupunun konserti ləğv edilmişdi. Qeyd olunur ki, musiqili tədbir aprelin 15-də baş tutmalı idi.
Aprelin 1-də Rusiyanın “Splin” rok qrupunun adı “Sibir küləyi” musiqi festivalının posterindən "Novosibirsk vilayətinin Atalar İttifaqının ictimai xadimlərinin şikayətindən sonra" çıxarılıb.