205-i BNA sahibkardan alanda "intervala əməl edilmir" demişdi: intervala yenə əməl olunmur...
Paytaxtda ictimai nəqliyyatın fıaliyyətindən narazılıqlar getdikcə artır. Artıq demək olar ki, sosial şəbəkələrdə hər 2 paylaşımdan biri bu problemlə bağlıdır.
AFN.az xəbər verir ki, jurnalist Zülfiyyə Quliyeva 205 saylı maşrutun fəaliyyətindən şikayətlənib. O, sərnişinlərin yarım saatdan çoxdur dayanacaqda avtobus gözlədiyini, lakin marşrutun gəlmədiyini bildirib.
Qeyd edək ki, bir müddətdir həmin marşrut xətti üzrə sərnişindaşımaları Bakı Nəqliyyat Aagentliyinə (BNA) məxsus “BakuBus” MMC-nin avtobusları ilə icra edilir. Bir müddət əvvəl həmin marşrut xətti üzrə hərəkət sxemi dəyişdirilib. Hazırda marşrut xətti "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzi və 20-ci Sahə ərazisi ilə Bakı Metropoliteninin “Nəsimi” stansiyasını əlaqələndirir. 205 saylı marşrut “BakuBus” MMC-yə verilərkən BNA-nın açıqlamasında bu addımın atılması "Marşrutun nizamsız fəaliyyəti, intervalın gözlənilməməsi, marşrutun fəaliyyətində fasilələrin yaranması və digər sərnişindaşıma qaydalarının pozulmasının sərnişinlərin haqlı narazılığına səbəb olması" ilə izah edilmişdi. Bildirilirdi ki, nöqsanların aradan qaldırılması ilə bağlı daşıyıcı qarşısında məsələ qaldırılsa da, bu istiqamətdə hər hansı bir tədbir görülməyib.
Görünən odur ki, heç BNA-nın özü də nöqsanları aradan qaldırmaqda maraqlı deyil. Qurumun sözçüsü Mais Ağayev Z.Quliyevanın iradına cavab verərkən günahı avtobus zolaqlarına nəzarətin olmamasında axtarıb: "Nə qədər ki, şəhər yolllarında avtobus zolaqları şəbəkələşməyib, tələblərinə riayət olunmur, bu məzmunda şikayətlər də olacaq. Cəmiyyətin haqlı olaraq ictimai nəqliyyatdan gözləntiləri və tələbləri var. Lakin ictimai nəqliyyatın da cəmiyyətdən gözləntisi var. Avtobus zolaqları olmalıdır, avtobus zolağının tələbinə ciddi riayət etmək lazımdır və bu istiqamətdə nəzarət tədbirləri artırılmalıdır. Bu gün 205 və digər xətlər üzrə avtobusların intervalında yaşanan ləngimələr və hər gün bundan minlərlə sərnişinin əziyyət çəkməsinin səbəbi avtobus zolaqlarının mahiyyətinin düzgün qəbul olunmamasıdır. Avtobus zolağı tələbləri və mahiyyəti başadüşlən bir nəqliyyat mühiti olmadan içində olduğumuz nəqliyyat xaosunu dəyişdirmək mümkün deyil. Bu gün 205 nömrəli müntəzəm marşrut xətti üzrə ümumilikdə 14 avtobus reysə çıxıb. Avtobuslararası interval təxminən 10-12 dəqiqə arasında dəyişir. H.Zərdabi, A.M.Şərifzadə və M.Useynov küçələrindəki sıxlıq və tıxac intervala təsir edir, nəticədə ləngimələr qaçılmaz olur. Doğrudur M.Useynov küçəsində avtobuslar üçün zolaq var amma qeyd etdiyim kimi, bu zolağın tələbinə riayət olunmaması və nəzarətin yetərincə olmaması onun əhəmiyyətini 0-a endirir".
Onu da qeyd etmək yerinə düşər ki, jurnalist Z.Quliyeva Bayılda jurnalistlər binasında yaşayır. O, statusu səhər saatlarında, təxminən 9 iradələrində yazıb və həmin vaxt "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzindən üzü şəhər istiqamətinə olan avtobus yarım saatdan çox ləngiyib. Təcrübə onu deməyə əsas verir ki, Lökbatandan Bayıl istiqamətilə şəhərə gələn yolda çox nadir hallarda tıxac olur. Əks istiqamətdə sıxlıq tez-tez müşahidə edilsə də, üzü şəhərə adətən hərəkət sərbəst olur. Həmin yolda ümumiyyətlə Bayraq meydanına qədər avtobus zolağı da yoxdur. Belə olan halda, marşrut xətti üzrə buraxılan 14 avtobus harda olur ki, sərnişinlər yarım saatdan çox dayanacaqda nəqliyyat gözləyirlər? Suallarımızın cavabı BNA-dadır. Lakin bu qurumun mediaya və ictimaiyyətə kifayət qədər qapalı olduğu sirr deyil. Hətta o qədər qapanıblar ki, il yarım əvvəl verdikləri açıqlamanı unudub, bu gün özlərini süddən çıxmış ağ qaşıq kimi təqdim etməyə çalışırlar.
HƏBİBƏ